22 C
Baku
Friday, April 19, 2024

Banklar və pul təklifi

Bu vaxta qədər “pul” anlayışını təqdim etdik və Federal Ehtiyatlar Sisteminin açıq bazar əməliyyatlarında dövlət istiqrazlarının alqı-satqısı yolu ilə pulun təklifinə necə nəzarət etdiyini müzakirə etdik. Pul təklifinin bu izahı doğru olsa da, tam deyil. Xüsusi ilə burada monetar sistemdə bankların oynadığı mərkəzi rol haqqında heç nə deyilmir.

Yadınıza salın ki, malik olduğunuz pul məbləğinə həm valyuta (sizin cibinizdə olan sikkələr və pul kisənizdəki banknotlar), həm də tələb olunanadək saxlanılan depozitlər (sizin çek hesabınızda olan balans) daxildir.

Tələb olunanadək saxlanılan depozitlər banklarda saxlandığına görə bankların davranışı iqtisadiyyatda tələb olunanadək saxlanılan depozitlərin miqdarına və bununla da pul təklifinə təsir edə bilər. Bu bölmədə bankların pul təklifinə necə təsir etdiyini və pul təklifinə nəzərət etməkdə FED-in işini necə çətinləşdirdiyini nəzərdən keçirəcəyik.

100 Faizli Ehtiyat Saxlayan Bankçılığa Dair Sadə Misal

Bankların pul təklifinə təsirini başa düşmək üçün, ilk olaraq, dünyanı tamamilə bansız təsəvvür edək. Bu sadə dünyada valyuta pulun yeganə formasıdır. Konkret olaraq, fərz edək ki, valyutanın ümumi miqdarı 100 dollardır. Deməli, pul təklifi də 100 dollardır.

İndi isə bir nəfərin, müvafiq olaraq, Birinci Milli Bank adlandırılan bank açdığını təsəvvür edin. Birinci Milli bank yalnız depozitlər təsisatıdır –yəni, o depozit qəbul edir, Lakin borc vermir. Bankın yeganə məqsədi əmanətçilərə pullarını saxlamaq üçün təhlükəsiz yer verməkdir. Bir nəfər banka pul qoyursa, bank öz kassalarında həmin pulu əmanətçi pulu götürmək üçün gələnə qədər və ya öz hesabına çek yazana qədər saxlayır. Bankın qəbul etdiyi, lakin borc kimi vermədiyi depozitlər ehtiyatlar adlanır. Bu xəyali iqtisadiyyatda bütün depozitlər ehtiyatlar kimi saxlanılır və bu sistem 100 faizli ehtiyat saxlayan bankçılıq adlanır.

Birinci Milli Bankın maliyyə vəziyyətini bankın aktivlərini və öhdəliklərini göstərən sadələşdirilmiş mühasibat üsulu ola T-hesabı ilə ifadə edə bilərik.

                                   Birinci Milli Bank

Aktivlər

Passivlər

Ehtiyatlar        $100 Depozitlər     $100

T-hesabının sol tərəfində bankın 100 dollar həcmində aktivləri (onun seyfdə saxladığı ehtiyatlar) göstərilmişdir. T-hesabını sağ tərəfində isə bankın 100 dollar həcmində öhdəliyi (onun əmanətçilərə borclu olduğu məbləğ) verilmişdir.

İndi isə bu xəyali iqtisadiyyatda pul təklifinə nəzər salaq. Birinci Milli Bankın açılmasından əvvəl pul təklifi insanlarda olan 100 dollar həcmində valyutadır. Bank açıldıqdan və insanlar həmin valyutanı banka depozit qoyduqdan sonra pul təklifi 100 dollar həcmində tələb olunanadək saxlanılan depozitlərdir. (Daha ödənilməmiş valyuta yoxdur, çünki onların hamısı bankın seyfindədir). Bankda olan hər bir depozit valyutanı azaltmaqla tələb olunanadək saxlanılan depoziti eyni məbləğdə artırır və nəticədə pulun miqdarına təsir göstərmir. Beləliklə, əgər banklar depozitləri ehtiyatda saxlayırsa, o zaman banklar pulun miqdarına təsir göstərmirlər.

Qismən Ehtiyat Saxlayan Bankçılıqda Pulun Yaradılması

Son halda Birinci Milli Bankın bankirləri özlərinin 100 faizli ehtiyat saxlayan bankçılıq siyasətlərinə yenidən baxa bilərlər. Bütün bu pulları seyflərdə heç nə etmədən boş-boşuna saxlamaq onlar üçün əhəmiyyətsiz görünə bilər. Niyə onun bir hissəsi borc vermək üçün istifadə olunmasın? Ev tikən ailələr, yeni fabriklər tikən firmalar, kollec üçün pul ödəməli olan tələbələr müəyyən müddətə həmin pulun bir hissəsini borc almaq üçün faiz verməyə razı olardılar. Əlbəttə Birinci Milli Bank əmanətçilərdən kimsə pul çıxartmaq istəyərsə, ona verməkdən ötrü üçün valyuta olması üçün müəyyən ehtiyat saxlamalıdır. Lakin, əgər yeni depozitlərin axını, pul çıxarmaların axını ilə təxminən eyni olarsa, o zaman Birinci Milli Bank depozitlərinin yalnız bir hissəsini ehtiyatda saxlamalıdır. Beləliklə, birinci Milli Bank qismən-ehtiyat saxlayan bançılıq adlanan sistemi qəbul edir.

Ümumi depozitlərin bank tərəfindən ehtiyat şəklində saxlanılan hissəsi ehtiyat dərəcəsi adlanır. Bu dərəcə hökumətin qaydaları və bankın siyasətinin kombinasiyası ilə müəyyən olunur. Federal Ehtiyatlar Sistemi bankların ehtiyat şəklində saxladığı məbləğinin minimum  səviyyəsini təyin edir. Əlavə olaraq, banklar qanuni minimumdan artıq məbləğdə əlavə ehtiyat adlandırılan ehtiyat saxlaya bilərlər ki, bununla onlar nağd pul problemlərinin olmayacağından əmin olmaq məqsədi daşıyırlar. Buradakı məqsədlərimiz üçün biz ehtiyat dərəcəsini olduğu kimi götürək və qismən-ehtiyat saxlayan bankçılığın pul təklifi üçün nə demək olduğunu nəzərdən keçirək.

Birinci Milli Bankın 10 faiz ehtiyat dərəcəsi olduğunu təsəvvür edək. Bu o deməkdir ki, bank depozitlərin 10 faizini ehtiyatda saxlayır, qalan hissəni isə borc verir. İndi isə bankın T-hesabına baxaq:

                                        Birinci Milli Bank

Aktivlər

Passivlər

Ehtiyatlar           $10 Depozitlər       $100
Verilmiş kredit      90  

 Borcların verilməsi bankın əmanətçiləri qarşısındakı məsuliyyətini dəyişmədiyindən, Birinci Milli Bankın passivində hələ də 100 dolları var. Lakin, indi bankın iki aktivi var: 10 dollar həcmində ehtiyatları və 90 dollar həcmində verdiyi kredit var. (bu kreditlər borc götürmüş şəxslərin passivləri, onları vermiş bankın isə aktivləridir, çünki borcalanlar bir müddət sonra onları yenidən banka ödəyəcəklər) Ümumilikdə, Birinci Milli Bankın aktivləri onun passivlərinə bərabərdir.

Bir daha iqtisadiyyatda pul təklifinə nəzər salaq. Birinci Milli Bank borc verməyə başlamazdan əvvəl pul təklifi bankda olan 100 dollar həcmində depozitlərə bərabər idi. Birinci Milli Bank borc verməyə başladıqdan sonra pul təklifi artır. Əmanətçilərin hələ də 100 dollar həcmində depozitlərə bərabər idi. Birinci Milli Bank borc verməyə başladıqdan sonra pul təklifi artır. Əmanətçilərin hələ də 100 dollar həcmində tələb olunana qədər saxlanılan depoziti var, lakin indi borcalanların 90 dollar valyutası var. Pul təklifi (valyuta ilə tələb olunanadək saxlanılan depozitlərin cəminə bərabərdir) 190 dollara bərabərdir. Beləliklə, banklar yalnız depozitin bir hissəsini ehtiyatda saxladıqda pul yaradırlar.

İlk baxışdan qismən ehtiyat saxlayan bankçılıq vasitəsi ilə pulun yaradılması həddindən artıq yaxşı görünür, çünki bankın heç nədən pul yaratdığı təsəvvürü yaranır. Pulun belə yaradılmasını həyata keçirmək daha az möcüzəli görünməlidir, qeyd etmək lazımdır ki, Birinci Milli Bankın öz ehtiyatlarının borc verməsi var-dövlət yaratmır. Birinci Milli Bankdan aldıqları borc sayəsində borcalanlar bir qədər valyuta, əmtəə və eyni zamanda bəzi xidmətləri əldə etmək imkanı əldə edirlər. Bununla yanaşı borcalanlar həmdə borca girir, deməli borclar onları heç də varlı etmir. Başqa sözlə desək, bank pul aktivi yaratdığı kimi, borcalanlar üçün müvafiq öhdəliklər də yaradır. Bu pul yaradılması prosesinin sonunda iqtisadiyyat daha likvid olur, o mənada ki, orada bir qədər çox mübadilə vasitəsi olsa da, iqtisadiyyat əvvəlkindən varlı deyildir.

Pulun artma əmsalı

Pul yaradılması Birinci Milli Bank ilə başa çatmır. Fərz edək ki, Birinci Milli Bankdan borc alanlardan biri 90 dolları kimdənsə nə isə almaq üçün istifadə edir və həmin satıcı şəxs pulu İkinci Milli Bankda depozit qoyur. İndi ikinci milli bankın T-hesabına nəzər salaq

.
İkinci Milli Bank

Aktivlər

Passivlər

Ehtiyatlar           $ 9 Depozitlər       $ 90
Verilmiş kreditlər   81  

Depozitlərdən sonra bankın 90 dollar passivi var. Əgər İkinci Milli Bankın da 10 faiz ehtiyat dərəcəsi varsa, o zaman, o, 9 dolları ehtiyatda saxlayır və 81 dollar kredit verir. Bu yolla İkinci Milli Bank əlavə 81 dollar pul yaradır. Əgər bu pul da eyni yolla 10 faiz ehtiyat dərəcəsi olan Üçüncü Milli Bankda Depozit qoyularsa, o zaman həmin bank 8,10 dollar ehtiyat saxlayaraq 72,90 dollar borc verir. İndi Üçüncü Milli Bankın T-hesabına nəzər salaq:

                                            Üçüncü Milli  Bank

Aktivlər

Passivlər

Ehtiyatlar           $ 8,10 Depozitlər               $ 81
Verilmiş kreditlər 72,90  

Bu proses beləcə davam edir. Hər dəfə depozitə pul qoyulduqda və bank krediti verildikdə daha çox pul yaradılır.

Yekunda bu iqtisadiyyatda nə qədər pul yaranmışdır, gəlin hesablayaq:

İlkin depozit                                     = $ 100
Birinci Milli Bankın verdiyi kreditlər   = $ 90
İkinci Milli Bankın verdiyi kreditlər     = $ 81
Üçüncü  Milli Bankın verdiyi kreditlər = $ 72, 90
–                                                                 –
–                                                                  –
–                                                                  –

Məcmu pul təklifi                                   $ 1 000

Belə aydın olur ki, hətta bu şəkildə pul yaradılması prosesi həmişə davam etsə belə, bu sonsuz məbləğdə pul yaratmayacaq. Əgər siz zəhmətə qatlaşaraq sonsuz rəqəm ardıcıllığını yuxarıda göstərilən nümunəyə əlavə etsəniz 100 dollarlıq ehtiyatın 1000 dollar pul yaradacağını aşkar edərsiniz. Bank sisteminin ehtiyatların hər bir dollarından yaratdığı pulun məbləğ pulun artma əmsalı adlanır. 100 dollarlıq iqtisadiyyatın 1000 dollar yaratdığı bu xəyali iqtisadiyyatda pulun artma əmsalı 10-dur.

Pulun artma əmsalının ölçüsünü nə müəyyən edir? Belə aydın olur ki, cavab çox sadədir: pulun artma əmsalı ehtiyat dərəcəsi ilə tər mütənasibdir. Əgər iqtisadiyyatda bütün banklar üçün ehtiyat  dərəcəsi R-dirsə, onda ehtiyatların hər bir dolları 1/R dollar yaradır. Bizim misalda R=1/10-dur, beləliklə pulun artma əmsalı da 10-dur.

Pulun artma əmsalı üzrə bu tərs mütənasiblik əlaqəsi ağlabatandır. Əgər bank depozitdə 1000 dollar saxlayırsa onda1/10 ehtiyat dərəcəsi o deməkdir ki, bank ehtiyatda 100 dollar saxlamalıdır. Pulun artma əmsalı bu ideyanı yalnız tərsinə çevirir: əgər bütövlükdə bank sistemi ehtiyatda cəmi 100 dollar saxlayırsa, demək onun depozitdə yalnız 1000 dolları ola bilər. Başqa sözlə desək, əgər R hər bir bankda olan ehtiyatların depozitlərə olan nisbətidirsə (yəni ehtiyat dərəcəsi), onda bank sistemində depozitlərin ehtiyatlara olan nisbəti 1/R olmalıdır (yəni pulun artma əmsalı).

Bu düstur bankın yaradacağı pulun məbləğinin ehtiyat dərəcəsindən necə asılı olduğunu göstərir. Əgər ehtiyat dərəcəsi cəmi 1/20 (5 faiz) olsaydı, onda bank sistemi depozitdə ehtiyatlarından 20 dəfə çox pul saxlaya bilər və bununla da pulun artma əmsalı 20 olar, ehtiyatların hər bir dolları 5 dollar pul yaradardı . beləliklə, ehtiyat dərəcəsi çox olduqda banklar daha az məbləğdə depoziti borc verir və pulun artma əmsalı kiçik olur. 100 faizli ehtiyat saxlayan bankçılıq sistemində ehtiyat dərəcəsi 1, pulun artma əmsalı 1-dir və banklar borc vermir, öz növbəsində pul da yaratmır.

Mənbə: Ekonomiksinin əsasları

Son xəbərlər
Digər xəbərlər