2018-ci ilin maliyyə nəticələri gözlədiyimizdən daha yaxşı olacaq.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib.
“2017-ci ilin yekunundakı göstəricilər 2018-ci il üçün müsbət proqnozlar verməyə əsas verir. Ötən il inflyasiya 12,9% olub, bu il üçün qiymət artımı dəhlizi 6-8% müəyyənləşdirilib. Beynəlxalq təşkilatlar isə bu rəqəmin 7% olacağını bəyan edib. 2018-c ildə Azərbaycan iqtisadiyyatı daha sürətlə, dinamik inkişaf edəcək”, – deyə o, qeyd edib.
MBNP rəsmisinin sözlərinə görə, ötən il Azərbaycanda maliyyə aktivləri ümumi daxili məhsulun (ÜDM) 60%-dən çoxunu əhatə edib: “Aktivlərin əsas hissəsi bank sektorunda cəmləşib. Banklar 5 mlrd. manat məbləğində kredit veriblər”.
Bundan başqa, İ.Alışov qeyd edib ki, Azərbaycan manatının sabitliyinə nail olunub: “Manatın möhkəmlənməsinin fonunda banklara inamın bərpa olunmasının ilkin siqnalllarına sahib olduq. Etimatı bərpa etmək üçün onu qazanmaqdan daha çox resurs lazımdır. 2017-ci ilin yekun rəqəmlərinə əsasən, insanların bank sektoruna inamı bərpası olunur. Əmanətlər artmağa başlayıb. Tələbli əmanətlər azalıb, müddətli əmanətlər, xüsusilə də manatla yerləşdirilən müddətli əmanətlər artıb”.
“Banklara inamı daha da artırmaq lazımdır”
Maliyyə Bazarlarına Nəzarət Palatası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası “Kapital bazarları vasitəsilə maliyyələşməmə, listinq və investisiyalar” adlı tədbir keçirib.
Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin Sədri Ziyad Səmədzadə bildirib ki, qlobal layihələrdə iştirak edən Azərbaycan iqtisadiyyatına son 15 ildə 230 mlrd. dollar investisiya qoyulub: “Ölkədə makro-iqtisadi sabitlik təmin olmasaydı, heç kim ölkəmizə bu qədər investisiya qoymazdı. Dünyada çox nadir ölkələr var ki, onlar 2050-ci ilə öz inkişaf planını hazırlayıb. Azərbaycan da həmin ölkələrdən biridir. Ölkənin maliyyə siyasəti onun milli maraqlarına cavab verir”.
O bildirib ki, Azərbaycanda güclü sahibkarlar təbəqəsi yaranıb. “Bu sahibkarların əməyi nəticəsində ölkənin ÜDM-nin 80%-i özəl sektorda cəmləşib. Sahibkarlar maliyyə çıxışlarını, resurslarını yaxşılaşdırmaq istəyirlər. Bunu etmək üçün sahibkarlar banklarla, sığorta şirkətləri ilə əlaqələrini genişləndirməlidirlər. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verməlidir. Azərbaycanda uzun illər düşünülmüş pul-kredit siyasəti aparılıb. Bu da ölkənin milli maraqlarına cavab verir. Maliyyə bazarlarında bankların fəaliyyətində də canlanma var. Nə edək ki, bizim zərərlər işləyən banklarımız olmasın? Banklara inamı daha da artırmaq lazımdır”, – deyə Z.Səmədzadə vurğulayıb.
APA, REPORT