Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən ölkə ərazisində törətdikləri cinayət əməlindən yayınmaq məqsədi ilə qeyri-qanuni yollarla dövlət sərhədini pozaraq müqabil ölkə ərazisinə keçməyə cəhd edən şəxslərin aşkarlanması və saxlanılması istiqamətində tədbirlər davam edir.
Banker.az DSX-nın saytına istinadən xəbər verir ki, yanvarın 4-də Azərbaycan vətəndaşları: 1983-cü il təvəllüdlü Xasməmmədov Sənan Səməd oğlu və 1981-ci il təvəllüdlü Xasməmmədov Elvin Azər oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıblar. Aparılmış araşdırmalar nəticəsində saxlanılan hər iki şəxsin müxtəlif banklara borclu olduqlarına görə məhkəmə qərarı ilə ölkədən çıxışlarının məhdudlaşdırılması və bu səbəbdən onların ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərmələri məlum olub.
Yanvarın 8-də Azərbaycan Respublikası vətəndaşı, 1985-ci il təvəllüdlü Orucov Xəqani Soltan oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən saxlanılıb.
Aparılmış ilkin araşdırma nəticəsində onun törətdiyi cinayət əməlinə görə «axtarış»da olması müəyyənləşdirilib.
Hazırda hər iki fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.