ABA Rəyasət Heyətinin avqust ayında keçirilən iclasında əsas müzakirə mövzularından biri Özəl Kredit Bürosunun (ÖKB) yaradılması məsələsi olmuşdur. İclas zamanı Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri ÖKB-nin yaradılması ilə əlaqədar görülmüş hazırlıq işləri, büronun təklif olunan strukturu, büdcəsi, təklif olunan xarici tərəfdaş və bu sahədə beynəlxaq təcrübə ilə bağlı təqdimat etmiş və iclas iştirakçılarının suallarını cavablandırmışlar.
Müzakirələr nəticəsidə, ABA üzvü olan bütün banklara müraciət edilərək, bir ay müddətində onlardan ÖKB-nin yaradılmasında təsisçi qismində iştirak etmək niyyətləri barədə məlumat alınması qərara alınmışdır. ÖKB-nin yaradılmasında təsisçi qismində 51%-lik iştirak payı ilə İslandiyanın CreditInfo şirkəti, 49%-lik iştirak payı ilə digər təşkilatların iştirakı, o cümlədən nizamnamə kapitalının 2.2 milyon avro olması nəzərdə tutulur.
Əldə olunmuş razılığa əsasən, ÖKB-nin yaradılmasına texniki dəstək verməklə əsas səhmdarlarından olması planlaşdırılan İslandiyanın CreditInfo şirkətinin nümayəndələri 7-8 sentyabr 2016-cı il tarixlərində Bakıda olacaqlar. Şirkət bir çox ölkələrdə (o cümlədən bir sıra qonşu ölkələrdə) oxşar büroların yaradılmasında iştirak etmiş və hazırda da əsas səhmdar qismində çıxış etməkdədir. CreditInfo şirkətinin Bakıda olarkən ÖKB yaradılmasında səhmdar qismində iştirak etmək istəyən banklar, eyni zamanda digər əlaqədar Assosiasiyalarla görüşəcəyi gözlənilir.
Rəyasət Heyətinin qərarına əsasən ÖKB-nin yaradılmasında təsisçi qismində iştirak etmək məsələsinə münasibət bildirilməsi üçün artıq ABA tərəfindən banklara müraciət göndərilmişdir. Müraciətdə təsisçi olmaq istəyən bankların sentyabr ayının sonunadək ABA-ya bu barədə məlumat verməsi xahiş olunur.
Qeyd edək ki, kredit təşkilatlarının müştəri haqqında ətraflı məlumat əldə etməsi üçün beynəlxalq təcrübədə ÖZƏL KREDİT BÜROLARI yaradılır. Bu Büroların işi ilk növbədə borcalanlar haqqında kredit təşkilatlarından məlumatların toplanmasıdır. Bundan əlavə, ictimaiyyətə açıq olan məhkəmə qərarları, vergi öhdəliklərinin yerinə yetirilmə dərəcəsi də bazaya daxil edilir. Həmçinin Bürolar tərəfindən qaz, su, elektrik, telefon, internet və s. növ xidmət göstərən qurumlardan da müştərilər barədə məlumat toplanılır.
BBN