Azərbaycan banklarında çalışan İdarə Heyətinin sədri işdə olmadıqda (ezamiyyət, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, işdən azad olunması və s. ilə əlaqədar) baş risk inzibatçısı (BRİ və ya ing.: CRO – Chief risk officers) onu əvəz edə biləcək. Bununla belə eyni anda ona həm sədr, həm də BRİ olmaqla bağlı məhdudiyyət tətbiq ediləcək.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri 12 sentyabr 2024-cü il tarixində “Banklarda korporativ idarəetmə Standartlarının qaydası”nın dəyişdirilməsi ilə bağlı qərar imzalayıb.
Keçən il imzalanan bu qaydaya əsasən, BRİ-lər bankların korporativ idarəetməsində mühüm səlahiyyətlər əldə ediblər.
Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə təkliflər Müşahidə Şurasına və Riskləri İdarəetmə Komitəsinə təqdim edilir. Müşahidə Şurası və Riskləri İdarəetmə Komitəsi zəruri hesab etdiyi halda təkliflərə İdarə Heyəti tərəfindən rəy bildirilməsini tələb edə bilərlər.
Risk iştahası bəyannaməsinə baxılmasında, habelə risklərin idarə edilməsi ilə əlaqədar məsələlərin müzakirə olunmasında Müşahidə Şurasının iclaslarında iştirak edir.
Baş risk inzibatçısı İdarə Heyətinin iştirakı olmadan, Müşahidə Şurası, Risklərin İdarəetmə Komitəsi və ya Müşahidə Şurasının müstəqil üzvü ilə görüş keçirə bilir.
Baş risk inzibatçısı vəzifəsindən azad edildiyi halda, bank bu qərarı barədə məlumatı (işdən azad edilmənin səbəbləri və bu vəzifənin yeni icraçısı barədə məlumatlarla birlikdə) qərarın qəbul edildiyi gündən sonra 5 iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir.
Baş risk inzibatçısı kreditlərin verilməsi, investisiyalar və yeni məhsullara dair qərarlara veto qoya bilər. Bu halda İdarə Heyəti məsələni baş risk inzibatçısının yazılı əsaslandırması ilə birlikdə 7 iş günü ərzində Riskləri İdarəetmə Komitəsinin və daha sonra Müşahidə Şurasının, yaxud birbaşa Müşahidə Şurasının müzakirəsinə çıxara bilər. Müşahidə Şurası məsələ ilə bağlı növbəti 15 iş günü müddətində qərar qəbul edir və bu müddətdə İdarə Heyəti və bankdaxili komitələrin baş risk inzibatçısı tərəfindən veto qoyulmuş məsələlər üzrə qərarlarının icrası dayandırılır.
Bununla belə, həmin Standartların 15.5-1-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla baş risk inzibatçısı eyni vaxtda İdarə Heyətinin sədri, baş maliyyə inzibatçısı, daxili audit bölməsinin rəhbəri və ya bankda digər vəzifə tuta bilməzlər.
15.5-1. bəndində bildirilir ki, İdarə Heyətinin sədri işdə olmadıqda (ezamiyyət, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, işdən azad olunması və s. ilə əlaqədar) baş risk inzibatçısı fəaliyyətində baş risk inzibatçısının əsas vəzifələrini üstün tutmaqla İdarə Heyətinin sədri vəzifəsini 3 ayadək icra edə bilər. Belə hal bir aydan artıq davam edərsə, bank təxirəsalınmadan bu barədə Azərbaycan Mərkəzi Bankına məlumat verməlidir.