13 C
Baku
Saturday, November 23, 2024

Banklarda kredit müştəriləri uğrunda mübarizə qızışır

Nə qədər deyilsə də ki, hələ Azərbaycan əhalisinin yarıdan çoxu bank xidmətlərindən istifadə etmir və bazarın böyük bir hissəsi hələ boşdur, bank bazarında müştəri uğrunda fəal bir mübarizənin getdiyinin şahidi oluruq.

Bir tərəfdən banklar yeni müştərilər əldə etməyə çalışırsa, digər tərəfdən də öz mövcud müştərilərini itirməmək üçün müxtəlif kampaniyalara əl atırlar.
Həmçinin bazarda keyfiyyətli müştəri, yəni müsbət kredit tarixçəsi və gecikmələri olmayan müştərilər uğurunda da aktiv mübarizə gedir. Görünür ki, banklar “kimə gəldi kredit” verməkdən çəkinir və sağlam portfel qurmaq istəyirlər.

Bank of Baku

Gəlin ilk öncə Bank of Baku-dan başlayaq. Bankın özünün  daimi krediti müştəriləri olan “Dostlar klubu”-nun üzvləri üçün “Hədiyyəniz Brilliantdan olacaq!” adlı stimullaşdırıcı lotereya keçirir. Dostlar klubuna Bank ilə 12 ya və daha artıq müddətə əməkdaşlıq edən (etməkdə davam edən), həmçinin bank qaydalarına əsasən müsbət kredit tarixçəsinə malik olan müştərilər üzv ola bilər.

Bununla yanaşı Bank yeni il ərəfəsində kredit götürən yeni müştərilərə 1 aylıq, təkrar müştərilərə isə 1-3 aylıq faizləri hədiyyə etməyə hazırdır. Söhbət bankın “Sıfır faiz”-li Yeni İl kampaniyasından gedir. Yeni və ya təkrar müştəri olmasından asılı olmayaraq, kredit arayışsız verilir.

Unibank

Artıq neçə müddətdir ki, Unibank özünün “Siftə kreditləri” ilə ümumiyyətlə kredit tarixçəsi olmayan, “hələ əlinə kredit dəyməmiş” müştərilərə Banka cəlb etməklə məşğul idi. Indi isə Bank nağd pul kreditlərinin müştərilərinə Nisan avtomobili qazanmaq şansı yaradır. Kampaniya dövründə bankdan  götürülən nağd kreditin hər tam 100 AZN-i 1 şans kimi qiymətləndirilir. Əgər müştəri Bank üçün yeni müştəri olarsa ( yəni Bankda heç bir krediti olmayıbsa)  bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər  tam 100 AZN-i 2 şans kimi qiymətləndiriləcək- məhz bu nüans onu göstərir ki, kampaniyanın əsas məqsədi yenə də Banka yeni müştərilər cəlb etməkdir, nəinki mövcud müştərilər arasında loyallığı artırmaq. Amma kampaniyada həm yeni, həm də təkrar müştərilər iştirak edəcək.

Turan Bank

Yəqin ki, Turan Bankın 9% endirimlə, arayışsız və zaminsiz verdiyi kredit kampaniyası haqqında dad a eşitmisiniz. Amma bilirsiniz ki, bu illik 20%-lə verilən kreditlər o halda arayışsız verilir ki, sizin ən azı 2 müsbət kredit tarixçəniz olsun. Mütləq deyil ki, bu krediti Turan Bankdan götürmüş olasınız. Məsələn neçə ildir ki, hansısa bankdan kredit götürüb vaxtlı-vaxtında ödəyirsiniz.Amma görürsünüz ki, faizlər yenə də 27-26%-dən aşağı düşmür. O zaman bəlkə ürəyinizdən Turan Bankın təklif etdiyi bu kreditləri götürmək keçə.Amma yenə də gəlirlərinizi plastik kartımızdan gətirdiyiniz çıxarılış vasitəsi ilə təsdiq etməli olacaqsınız. Əgər kredit tarixçəniz olmayıbsa, krediti üçün arayış tələb olunacaq.

Bank Respublika

Xatırlayırsınızsa, yazılarımızın birində Bank Respublika tərəfindən təklif edilən “Bir Bank, Bir Kredit” məhsulu haqqında danışmışdıq və o zaman da qeyd etmişdik ki, bu yenidən maliyyələşmə məhsulunun əsas məqsədi digər banklardakı keyfiyyətli müştəriləri daha sərfəli şərtlərlə özünə cəlb etməkdir. Belə ki, həmin məhsul  aktiv borcları üzrə gecikməsi olmayan, müsbət tarixçəyə malik müştərilərə 27%-lə öz carı borclarını bağlamaqdan ötrü verilir. Kreditin məbləği də həmin borcların cəmindən artıq ola bilməz. Müştəri sonradan başqa bir bankdan yenə kredit götürürsə və bu hal Bank tərəfindən bilinərsə, cari faiz 27-dən 36-ya yüksələcək.

AccessBank

Ötən ay keçmiş müştəriləri yenidən Bankqa qazandırmaq istiqamətində maraqlı bir kampaniya AccessBank tərəfindən həyata keçirilmişdi. “Əsl dost hədiyyəsi” adlı bu kampaniya bankın keçmiş mikro kredit müştərilərinə istiqamətlənmişdi. Kampaniya nə vaxtsa AccessBankdan mikrokredit götürmüş və müsbət kredit tarixçəsinə malik bütün keçmiş müştərilər üçün nəzərdə tutulmuşdu. Bank yenidən həmin etibarlı müştəriləri cəlb etmək üçün onlara faizlərdə güzəşt tətbiqini nəzərdə tuturdu. Beləliklə, əgər həmin müştərilər yenidən banka mikro kredit üçün müraciət edərlərsə, bankla əməkdaşlıq etmədikləri illərin sayı qədər faiz endirimi qazanmaq imkanına malik idilər.

Nəticə

Təbii ki, bu tam siyahı deyil. bütün bankları bazardan öz payını əldə etməyə çalışır. Amma biz sizə bazarda ən çox gündəmdə olan təklifləri göstərdik. Zənnimizcə banklar getdikcə keyfiyyətli müştəri problemi ilə daha çox üzləşəcək. Kreditlər baxımından artıq müəyyən təcrübə qazanmış və tarixçəsi formalaşmış müştəri artıq banklar arasında daha asanlıqla seçim edə biləcək və banklar da belə müştərilərə qarşı daha həssas olacaqlar. Müştərilərin maliyyə baxımındna savadlanması və həmçinin bu tip müştərilərin daha etibarlılığı bankları təklif etdikləri şərtlərə yenidən baxmağa sövq edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.