11 C
Baku
Monday, November 25, 2024

Banklardan qanunsuz yolla pul çıxaranların məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kompüterlərlə qanunsuz olaraq bankların hesablarına girərək pul mənimsəmədə təqsirli bilinən Fərid Hadiyev, Yaşar Ələkbərov, Nasir İbrahimov, Fərrux Bayramov, Rinat Aqarunov, Nair İfraimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı martın12-ə təyin edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı aşkar edilib. Hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycan vətəndaşları Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç, Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç şübhəli şəxs qismində tutulublar. Dəstə üzvləri Cinayət Məcəlləsinin 177.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 271.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompyuter sisteminə qanunsuz daxil olma) və 272.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompüter sistemində məlumatları qanunsuz ələ keçirmə) maddələri ilə ittiham edilir. Müəyyən edilib ki, Bakıda fəaliyyət göstərən banklardan birində əməliyyat şöbəsində baş mütəxəssis işləyən Fərid Hadiyev informasiya texnologiyalarından istifadə edilməklə külli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə yaxın tanışı Yaşar Ələkbərovla qabaqcadan əldə edilmiş razılığa əsasən tanışları Nasir İbrahimova və Nair İfraimova Bakıda fəaliyyət göstərən digər bir bankda etibar etdikləri Azərbaycan Respublikası vətəndaşlarının adına bank hesabları açmağı tapşırıblar.

Nasir İbrahimov Fərrux Bayramova, Nair İfraimov Rinat Aqarunova informasiya texnologiyalarından istifadə edilməklə külli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ayrı-ayrılıqda onların adına bank hesablarını açmağı təklif edib, Fərrux Bayramov və Rinat Aqarunov da bununla razılaşıblar. Nasir İbrahimov Fərrux Bayramovla, Nair İfraimov isə Rinat Aqarunovla birlikdə Fərrux Bayramovun və Rinat Aqarunovun adlarına bank hesabları açdıraraq, hər ikisi üçün “MasterCard Standard” plastik kartı sifariş etmiş və hazır olan kimi hesabın açılması ilə bağlı sənədləri kartla birlikdə götürüblər.

Trend

Son xəbərlər
Digər xəbərlər