28 C
Baku
Saturday, July 27, 2024

Banklar xarici valyutada kredit götürənlərlə problemləri özləri həll etməlidir

Banklar xarici valyutada kredit götürənlərlə problemləri müstəqil qaydada həll eməlidir. Maliyyə naziri Samir Şərifov belə hesab edir.

2015-ci ilin dekabr ayında manatın 47% devalvasiyasından sonra xarici valyutada olan kreditlərin devalvasiyadan öncə müəyyən edilən məzənnə ilə ödənilməsi məsələsi gündəmə gəlib.

“Banklar xarici valyutada kreditləri yüksək dərəcə ilə verirdi: istehlak kreditləri üzrə illik faiz dərcəsi 30-35% arasında dəyişirdi. Bununla yanaşı, banklar yüksək gəlirə malik idi”, – deyə S.Şərifov ANS telekanalına bildirib. O, dollarla olan kredit probleminin həlli məqsədilə bankların öncəki illərdə əldə etdiyi gəlirlərin istifadə imkanını qeyd edib.

Nazir xatırladıb ki, dövlət bankların dəstəklənməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib. Həmin tədbirlərə 1 fevral 2016-cı ildən etibarən sığortalanmalı olan bank əmanətlərinin məbləğinə qoyulan məhdudiyyətin aradan qaldırılması, vətəndaşların bank əmanətləri üzrə faiz gəlirlərindən vergi tutulmaması daxildir.

“Kreditlər üzrə güzəştlərin təqdim olunması məsələsi bank və müştəri arasında həll olunmalıdır”, – deyə S.Şərifov bildirib.

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib ki, AMB dollarla götürülən kreditlərin 1,05 manat/$1 məzənnəsi ilə ödənilməsi məsələsini müzakirə etməyə hazırdır. “Bunun 5 min dollara qədər olan kreditlərə şamil edilməsi təklif edilir”, – deyə E.Rüstəmov qeyd edib. Onun sözlərinə görə, belə olan halda məzənnə fərqinin kompensasiya edilməsi üçün 250 mln. manat məbləğində vəsait tələb oluna bilər.

Son xəbərlər
Digər xəbərlər