2025-ci ilin mart ayının yekunlarına görə, fəaliyyət göstərən bankların cəmi aktivləri 54 milyard 855.6 milyon manat təşkil edib. Bu da son ayda 3.5 faiz artımdır.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cəmi öhdəliklər 47 milyard 960.7 milyon manat, balans kapitalı isə 6 milyard 894.9 milyon manat olub. Mart ayında bankların aktivləri 2.4% (1 milyard 294 milyon manat), öhdəlikləri 2.6% (1 milyard 212.3 milyon manat), balans kapitalı isə 1.2% (81.7 milyon manat) artıb.
Hesabat ayında bankların kredit portfeli 1% və ya 284.8 milyon manat artaraq 27 milyard 877.1 milyon manata çatıb. Kredit portfelinin strukturu belə olub:
-
Biznes kreditləri – 53.6% (14 milyard 935 milyon manat),
-
İstehlak kreditləri – 30.9% (8 milyard 603.6 milyon manat),
-
İpoteka kreditləri – 15.5% (4 milyard 338.5 milyon manat).
Ümumilikdə kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı ötən ilin eyni dövrü ilə müqayisədə 0.3 faiz bəndi azalaraq 1.6%-ə enib.
Bankların öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edib. Depozitlər cəmi öhdəliklərin 77.8%-ni və ya 37 milyard 293.1 milyon manatı təşkil edib. Depozit portfelinin 60.5%-i (22 milyard 549 milyon manat) hüquqi şəxslərin, 39.5%-i isə (14 milyard 744.1 milyon manat) fiziki şəxslərin depozitlərindən ibarət olub.
Fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9 milyard 785.1 milyon manat) milli valyutada, 33.6%-i (4 milyard 959 milyon manat) isə xarici valyutada yerləşdirilib. Fiziki şəxslərin əmanət portfelinin 61.1%-ni (9 milyard 9.3 milyon manat) müddətli əmanətlər təşkil edib. Mart ayında fiziki şəxslərin müddətli əmanətləri 2.3% və ya 204.7 milyon manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 799.2 milyon manat olmaqla, onların cəmi depozit portfelinin 74.5%-ni təşkil edib.
2025-ci ilin mart ayında fiziki şəxslərin əmanətlərinin dollarlaşması ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz bəndi azalaraq 33.1%-ə düşüb.
2025-ci ilin yanvar-mart aylarında banklar 253.3 milyon manat xalis mənfəət və 402.7 milyon manat əməliyyat mənfəəti əldə ediblər. Cari ilin birinci rübündə banklar tərəfindən ümumilikdə 61.7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.