Son günlərdə sosial mediada və bəzi saytlarda Azərbaycanda yaxın vaxtlarda daha iki bankın bağlanacağı ilə bağlı məlumatlar dolaşır. Lakin adı həmin məqalədə çəkilən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc xəbərdarlıq edib ki, bu məlumatlar doğru deyil və yalnız bankların kapital adequatlığı, likvidliyi, problemli kredit portfeli və ümumi maliyyə göstəriciləri ölçülərək, Mərkəzi Bank tərəfindən inzibati qərarlar verilə bilər.
Banker.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda müxtəlif bank adları çəkilir və orada şikayət indeksinə istinad edilərək sanki bankın bağlanması bu indeksə görə müəyyən olunur.
Vüqar Oruc qeyd edir ki, belə deyil: “Sadəcə jurnalist mövzunu ehtimallar üzərində inkişaf etdirmək istəyib. Şikayət indeksinə görə banklar bağlanmır. Şikayət əsasında yalnız xəbərdarlıq verilə, fəaliyyətinə qiymət qoyula və ya tənzimləmə metodları tətbiq oluna bilər.”
Ekspert əlavə edir ki, Mərkəzi Bank da bu reytinqləri ona görə təqdim edir ki, banklar islahatlar aparsın, dəyişiklər etsin və müştəri məmnuniyyətini nəzərə alsınlar.
“Bankların indiyə qədər fəaliyyəti tarixində yalnız maliyyə vəziyyətləri ona görə məhdudlaşdırma və ya ləğv olunub. Yəni daha çox zərərlə işləyirlər, aktiv fəaliyyət göstərmək imkanları olmur, xərcləri gəlirlərini üstələyir, eyni zamanda kifayət qədər problemli kreditlərə sahib olurlar. Beləliklə, bütün bunlar bankların maliyyə tərəfini əhatə edir. Şikayətlər və ya digər qeyd olunan xüsusiyyətlər əsas kimi götürülmür”.”, – deyə V.Oruc vurğulayıb.
O, həmçinin qeyd edib ki, xəbərlərdə adı çəkilən banklar bağlanacaq banklar deyil.






