İqtisadçı ekspert Pərviz Heydərov Mərkəzi Bankın bəzi bankların lisenziyasının geri çağrılması məsələsi barəsində öz fikirləri ilə bölüşmüşdür.
Yaranmış məlum iqtisadi situasiya ilə əlaqədar bank sektorunda aparılan və həyata keçirilməli olan islahatlar vacibdir və dəstəklənməlidir. Çünki vəziyyətdən çıxış yollarından biri də məhz bank sektorunda islahatların davam etdirilməsindən ibarətdir. Bu mənada fəaliyyəti müvafiq tələblərə cavab verməyən və sistem üçün əhəmiyyət kəsb etməyən qurumların ləğvi şübhəsiz ki, məqsədəuyğundur.
Prezident İlham Əliyev də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 2-ci ilinin yekunlarına dair yanvarın 26-da keçirilən konfransda qeyd etdi ki, bank sektorunun sağlamlaşdırılması daha sürətlə həyata keçirilməlidir. “Burada inkişaf üçün çox böyük imkanlar var. Tələblərə, meyarlara cavab verməyən, öz fəaliyyətini qura bilməyən, böyük nöqsanlar buraxan banklar bizim bank sektorumuzda fəaliyyət göstərə bilməz. Bu məsələ ilə bağlı bir neçə dəfə hökumət yığışıbdır, məsələ qoyulubdur. Ancaq əfsuslar olsun ki, məsələ çox ləng gedir”, – deyə, dövlət başçısı bəyan etdi.
Təbii ki, ölkədə bank sektoru sağlamlaşdırılmalıdır. Prezidentin təbirincə desək, hər bir ölkə üçün bu, olduqca vacib məsələdir. Bank sektorunun ölkədə ümumi iqtisadi artıma fayda verməsinə, iqtisadiyyatın real sektoruna müvafiq kredit resurslarının cəlb etmək yolu ilə, bu işlərin təkcə dövlət büdcəsi və sahibkarların vəsaitləri hesabına həyata keçirilməsinə yol verilməməsinə nail olmaq lazıımdır.
Lakin, fikrimizcə, islahat onların bilavasitə ucdantutma bağlanmaları ilə müşahidə edilməli deyil. Ən sərt tədbir kimi konsolidasiyaya üstünlük vermək hələ ki daha məqsədəuyğun sayılır. Çünki hazırda sosial-iqtisadi vəziyyət bir qədər gərgindir və bunu nəzərə almaq vacibdir.
Ümumiyyətlə, bank sektorunda islahat təkcə bir qrup bankın bağlanmasından ibarət olmamalıdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən hər hansı bir bankı bağlamaq üçün kifayət qədər əsas tapmaq mümkündür. Lakin, əsas odur, mərkəzi tənzimləyici bir orqan kimi Mərkəzi Bank (AMB) öz siyasətində qarşıya qoyulan məqsədə kifayət qədər yumşaq şəkildə nail olsun!.. Bu, olduqca ciddi və vacib məsələdir.
Məsələn, etiraf etməliyik ki, manatın birinci “devalvasiyası” nəticəsində bir sıra banklar əslində bağlanmalı idi. AMB əgər o vaxt sözügedən istiqamətdə müvafiq qərarlar qəbul etsə idi bu, heç də çətin və başa düşülməyən olmayacaqdı. Ancaq AMB, məlum olduğu kimi, bu yolla getmədi. Çünki bu, valyuta bazarında, o cümlədən, bank sektorunda əlavə ajiotaj və gərginlik yarada bilərdi. Ümumiyyətlə, kommersiya banklarının bağlanması və konsolidasiya addımlarına bütün bunlardan xeyli əvvəl getmək tələb olunurdu desək, heç də yanılmarıq.
Təkcə, bir faktı xatırlatmaq kifayətdir ki, keçən ilin – 2015-ci ilin yanvarın 1-də AMB tərəfindən ölkədə fəaliyyət göstərən kommersiya banklarına qarşı irəli sürülən məcmu kapitallarının həcminin 50 milyon manata çatdırmaq tələbinin müddəti bitmişdi. Halbuki, bu haqda qərar AMB tərəfindən hələ 2012-ci il 25 iyul tarixdə verilmişdi. Belə ki, adı çəkilən qurumun İdarə Heyətinin sözügedən qərarına əsasən ölkədəki bankların məcmu, o cümlədən yeni yaradılacaq bankların nizamnamə kapitallarının minimum məbləği 2014-cü ilin yanvarın 1-dək 50 milyon manata çatdırılmalı idi. Ancaq, bu, elə onda da real görünmürdü, ikincisi də ki, gözlənildiyi kimi sözügedən məsələ heç sonra da baş tutmadı. Hərçənd, qərar verilərkən göstərilən müddətin yetərli olduğu söylənilmişdi. Lakin qoyulan vaxt 2015-ci ilin yanvarına kimi uzadılmalı oldu.
Onu da xatırlatmaq yerinə düşər ki, AMB-in 2015-ci ilin yanvarın sonuna olan hesabatına əsasən, 4 bankın tələbi ödəyə bilmədiyi və nizamnamə kapitallarının həcminin 50 milyondan aşağı olduğu qeyd edilmişdi. Həmin vaxt sözügedən bankların ölkədə fəaliyyət göstərən bütün bankların ümumi kapitalda pay səviyyəsi cəmi 0,7% təşkil edirdi. Həmin banklar bağlanmadı. Və bu da AMB-in ölkədə hər hansı bankı əslində, bağlamaq istəmədiyinə dair növbəti bir sübut oldu.
Əksinə, AMB sədri Elman Rüstəmov sözügedən məsələyə münasibətdə bəyan etdi ki, AMB nizamnamə kapitallarının səviyyəsi 50 milyon manatdan aşağı təşkil edən bankların rəhbərləri ilə razılaşma imzalayıb və ümumiyyətlə, belə hesab edir ki, mövcud şəraitdə bu və ya digər bankın bağlanması bazara ümumən, mənfi təsir göstərə bilər. “Biz, belə banklarla xüsusi olaraq kapitallaşma proqramı imzalamışıq ki, bağlanmasınlar və fəaliyyətlərini davam etdirsinlər”,- deyə E. Rüstəmov həmin vaxt əlavə etmişdi.
Odur ki, hesab edirik, indiki şəraitdə bu, bir qədər ağrılı və təhlükəli siyasətdir. Bu gün bankların ucdantutma bağlanmasına ümumiyyətlə, yol vermək olmaz. Çünki bir tərəfdən, məlum məzənnə dəyişikliyindən sonra əhalinin dollarla olan kreditlərinin ödənilməsi məsələsində heç bir güzəştə gedilmədiyi məqamda digər tərəfdən də bankların fəaliyyətinə son qoyulması bir qədər ziddiyyətli görünə bilər və həm də xüsusən, sosial aspektdə mənfi rezenons doğurar. Bunu, məsələn, bilavasitə əhali tərəfindən banklarda əmanətlərin 75%-dən çox hissəsinin ABŞ dollarına konvertasiya edilməsi nöqteyi-nəzərindən, ən azı birmənalı şəkildə AMB tərəfindən həmin vəsaitlərin təmərküzləşdirilməsi istəyi ilə izah edənlər tapılacaq. Bu isə sözsüz ki, yolverilməzdir!
Sözün qısası, hesab edirəm ki, bankların konsolidasiyasından kənar hər hansı kəskin addımlar atıllmasında olduqca ehtiyatlı davranmaq lazımdır. Xüsusən də manatın dəyəri ilə əlaqədar, indiki həssas məqamda bu mövqenin qorunub saxlanılması fövqəladə səviyyədə vacib sayılır…
azvision.az