14 C
Baku
Wednesday, April 17, 2024

“Bankların güzəştli kreditlər verməsinin əleyhinəyəm”

Azərbaycanda bankların fəaliyyətinə Banker.az saytının müsahibi Professor, iqtisad elmləri doktoru Zahid Məmmədov aydınlıq gətirdi

Faiz dərəcələri aşağı olsa dövlət tərəfindən sahibkarlara ucuz kreditlərin verilməsinə ehtiyac qalmaz

Problemli olaraq yüksək faiz dərəcəsi məsələ olaraq qalır.  Qeyd edim ki, Azərbaycanda depozit faizləri ilə kredit faizləri arasında fərq narahatlıq yaradır. Buna görə də Mərkəzi Bank haqlı olaraq kredit faizləri üzrə çox ciddi addımlar atdı. Mərkəzi Bank depozit faizlərini aşağı salmaqla, eyni zamanda kredit faizlərini də aşağı salmaq istəyirdi. Faiz dərəcələri aşağı olarsa, bu ölkənin missiyasını gücləndirir, sahibkarlıq mühitinin inkişafına müsbət təsirini göstərir. Faiz dərəcələrinin yüksəkliyi isə iqtisadiyyatın artan tempinə mane yaradır.

10-11% -lə banklarda depozit yerləşdirən müştəri bilməlidir ki, onun pulunu dövlət( daha dəqiq Əmanətlərin Sığortalanması Fondu) sığortalanmır

Banklarla müştərilər arasında qarşılıqlı inam formalaşmalıdır. Vətəndaş bilməlidir ki, 9% civarında 30000 manatadək depozitlər tam təminat altındadır.

Azərbaycanda Bank Ombudsmanının yaradılmasına ehtiyac var

Vətəndaşlar banklara əmanət yerləşdirməmişdən qabaq ehtiyatlı olmalı və ilk növbədə özünə inanmalıdır. Onun bank haqqında təsəvvürü, yaxud maliyyə savadlılığı yoxdursa, onun aldadılması ehtimalı da daha çoxdur. İnsanlar bilməlidirlər ki, hansı banka etibar etmək olar, hansı banklarda faiz dərəcələri risklidir, riskli deyil və s. Bu gün qeyd etdiyim kimi, 10-11%-lə yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmır. Vətəndaş məhz bunları bilməlidir. Bank müştəri güvəninin yaradılması üçün Azərbaycanda Bank Ombudsmanı fəaliyyət göstərməlidir. Ombudsmanın fəaliyyəti imkan verəcək ki, əmanətçi, bankir, vətəndaş və kredit inistutlarının müdafiəsini təmin edə bilsin və faiz dərəcələrini hesablasın. Yəni, əmanətçi biləcək ki, onun istehlak hüquqları Bank Ombudsmanı tərəfindən müdafiə olunur.

Yenilik tətbiq etməyi bacarmayan banklar sözsüz rəqabət sırasından çıxacaqlar

Banklar çalışmalıdırlar ki, müştərilər üçün hesablanmış yeni üsul, xidmət ortaya qoysunlar. Əlbəttə ki, bu yeniliyi tətbiq etməyən banklar rəqabət sırasından çıxacaqlar. Onu da əlavə edim ki,  bank sahəsi üzrə oxuduğun kitab 20 il sonra faydasızdır. Bank işinin özəlliyidə odur ki, daim yenilənir, davamlı olaraq inkişaf edir.

Banklar partnyorlar axtarmalıdırlar

Qeyd edim ki, Azərbaycan 2014-cü ildə sənaye ili elan olunub. Ölkə bankları sənaye müəssisələri ilə işləməli, partnyorlar axtarmalıdırlar. Banklar nə edir? Sadə əhaliyə maşın, cehiz “hədiyyə” edir. Ümumiyyətlə düşünürəm ki, Finans kapitalının yaradılması üçün bank və sənaye kapitalı arasında birləşmə olmalıdır. Sadə dillə izah etsək, sənaye sahəsi yenilik edir, bank isə onun finansını təmin edir. Almaniyanın təcrübəsinə baxsaq görərik ki, bu ölkədə bank və real sektor vəhdətdə fəaliyyət göstərir. Ölkə bankları da bu istiqamətdə getməlidir.

İpoteka kreditləri üzrə lazımsız sənədlərin alınmasına ehtiyac yoxdur

Çox ciddi şəkildə sadələşdirilməyə doğru getmək lazımdır. İnsanları narahat edən, lazımsız sənədlərin alınmasına ehtiyac yoxdur.

Rusiyada istənilən adam şəxsiyyət vəsiqəsi ilə kredit götürə bilirdi

Həm Rusiyanın həm də, Azərbaycanın bank sektoru 20 ildir ki fəaliyyət göstərir. Azərbaycanda isə Beynəlxalq Bankın Rusiya bank sektorunda fəaliyyəti təqdirəlayidir. Azərbaycanın bank sektorunda haqlı olaraq konservativ mövqe var. Rusiya da isə istənilən adam tək şəxsiyyət vəsiqəsi ilə kredit götürə bilirdi. Rusiyada bu metod ilə evsizlərdən və sərxoşlardan istifadə olundu. Ümumiyyətlə, bu ölkədə çox belə hallar olub. Hesab edirəm ki, bu problemlərin həllində Rusiyada yeni fəaliyyət göstərən maliyyə ombudsman təşkilatının rolu müsbət olacaqdır. Ölkəmizdə yanlış olaraq düşünürlər ki, banklar tərəfindən verilən kreditlər hədiyyədir. Nəzərə almaq lazımdır ki, bu kreditləri mütləq geri qaytarmaq lazımdır.

Bank Ombudsmanı Mərkəzi Bankın tabeliyində ola bilər

Hesab edirəm ki, Mərkəzi Bankın bu sahədə təcrübəsi çoxdur , bu sistem Mərkəzi Bankın yanında ola bilər.

Qrantı istəmirlər alırlar

Bu gün üçün söylənilən hər bir fikir artıq layihədir. Sistem bu şəkildə qurulur: Əgər sənin fikrin oxuyan adamda tələb yaradırsa, onlar sənə qrant verir.Qrantı sən gedib istəmirsən.  Bütün dünyada sistem bu şəkildə işləyir.

Aqrar bankların yaradılmasına ehtiyac yoxdur

Ölkə banklarının rayonlarda fəaliyyət göstərdiyini nəzərə alsaq, aqrar bankların yaradılmasına ehtiyac görmürəm. Bu gün Azərbaycanın bank sektoru universaldır. 6-7 bank birləşib, öz hesablarına aqrar bank yarada bilərlər. Qeyd edim ki, dövlət buna dəstək olmamalıdır. Rayonda bankların filialları var,birləşib vahid aqrar bank yarada bilərlər. Banklar nəzərə almalıdır ki, kənd təsərrüfatı ən böyük gəlir hətta deyərdim milyardlar gətirən sahədir.

Bankların güzəştli kreditlər verməsinin əleyhinəyəm

Banklar sosial müdafiə fondu deyillər ki, güzəştli kredit siyasətini həyata keçirsinlər. Onlar düşünməlidirlər ki,biz bankıq.

Kreditlə maşın alıb, maşın satırsansa bunun iqtisadiyyata xeyri sıfırdır

Xatırladım ki, kreditin iqtisadiyyatın inkişafında böyük rolu var. Kreditləri layihələrin inkişafına istiqamətlənirsə bu müsbətdir, yoxsa maşın alıb, maşın satırsansa xeyri sıfıra bərabərdir.

İslam bankçılığının Azərbaycanda fəaliyyəti imkan verəcək ki, milyardlar Azərbaycanda dəyərləndirilsin

Yaxın Şərqdə, Ukraynada baş verən hadisələr zamanı insanlar bilmirdilər ki, pullarını hara aparsınlar. Düşünürəm ki, Azərbaycanı Beynəlxalq Maliyyə Mərkəzinə çevirməklə , həmin vəsaitləri ölkədə dəyərləndirmək olar.

Bank işini öyrənmək istəyən tələbələrin sayı artır

Bank sektoruna inamın olmamasını qeyd etdiniz. Xatırladım ki, Avropa bank təcrübəsi 500 illik tarixi təcrübəyə söykənir. Ölkəmizdə isə bu 20 ildir. Hər hansı ölkənin bank sektorunun tarixi təcrübəsi çoxdursa, bu imkan verir ki, bank özü ilə etibar, güvəni də gətirsin. Hesab edirəm ki, Azərbaycanda bu sahə üzrə ciddi dönüş var. Qeyd edim ki, bank sektoru inkişaf etməsəydi, bank işini öyrənmək istəyən tələbələrin sayı da artmazdı.

Son xəbərlər
Digər xəbərlər