Bankların ikiqat artıq vergi ödənişi xalis mənfəətlərini azaltdı

Mənfəət vergisi ödənişi iki qat artıb.

Azərbaycanda bankların faizdən gəlirlərinin həcmi illik müqayisədə 0.7% artıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 1 sentyabr 2020-ci il tarixinə olan göstəricidə qeyd edilib.

Bankların faiz gəlirlərinin həcmi ilin yanvar-iyul ayları ərzində 1 267.7 milyon manat olub. Burada 1 005.5 milyon manatı kreditdən gələn gəlirlər olmuşdur. Faiz gəlirlərinin artımına rəğmən, faiz xərclərini bank sektoru azalda bilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların faiz xərcləri 9.5 faiz azalıb və 322.3 mln. manat olmuşdur. Beləliklə, bankların xalis faiz gəlirinin həcmi 903 mln. manat olmuşdur.

Sektorun qeyri-faiz gəliri 425.8 milyon manat, qeyri-faiz xərci isə 752.5 mln. manat olması nəticəsində bankın əməliyyat mənfəətinin həcmi 576.3 milyon təşkil edib. Öncəki ilin müvafiq dövrünə nəzər saldıqda bankın 554.3 mln. manat əməliyyat mənfəəti ilə sonlandığı görünür.

Lakin, bankların mənfəət vergisi səbəbindən bankların xalis mənfəəti öncəki ildəkindən az olub. Məsələn, banklar bu il 437.7 mln. manat (2019: 462.1 mln. manat) xalis mənfəət edib. Bu xalis mənfəətdən öncə isə 106.9 mln. manat mənfəət vergisi ödəməli olub. Bu isə öncəki ildə iki dəfə az – 52.7 mln. manat idi.