Banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi həcmi və qaydası müəyyənləşəcək.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Mərkəzi Banka banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi həcmini və qaydasını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə olunub.
Eyni zamanda Mərkəzi Banka investisiya şirkətləri üçün korporativ idarəetmə standartlarını, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların fəaliyyəti və göstərdiyi xidmətlər barədə hesabatların tərtib və təqdim edilməsi qaydalarını, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların ixtisas şəhadətnaməsinə malik olmalı işçilərinin sayına dair tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə edilib.