Azərbaycanda kommersiya banklarının bir çoxu 2022-ci ilin yanvar-sentyabr aylarında ipoteka kreditləri, yaxud daşınmaz əmlak kreditləri üzrə 21-i aktivlik nümayiş etdirib və nəticədə icmal portfel 16% artıb.
1 oktyabr 2022-ci il tarixində icmal ipoteka portfeli 2 mlrd. 775 mln. manat üzərində təşkil edib.
Banker.az-ın tərtib etdiyi renkinqə dövlət bankı ABB (Azərbaycan Beynəlxalq Bankı) liderlik edir. Bu sosialyönümlü kredit üzrə ABB-nin portfeli ilin ilk üç rübündə 15.7% artımla 848.76 milyon manata çatıb ki, bu da bazarın 31%-nə sahiblənmək deməkdir.
TOP10 bank hazırda ipoteka kreditləri üzrə bazarın 82%-nə sahibdir.
İlin əvvəlindən ən yüksək artım dinamikası “Ziraat Bank Azərbaycan” ASC-də baş verib. Bank ilin ilk 9 ayında ipoteka krediti portfelini 2.4 dəfə artırmaqla 5.26 mln. manata çatdırıb.
İpoteka – əmlak girovudur. Yəni ipoteka krediti, bankdan faizlə (kredit) götürdüyünüz puldur. Pulu qaytaracağınıza zəmanət olaraq isə daşınmaz əmlakınız: ev, mənzil və ya torpaq çıxış edir.