2025-ci ilin IV rübünün yekunlarına görə Azərbaycan bank sektorunda bankların cəmi kapitalı 7 milyard 342.4 milyon manat təşkil edib. Banker.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10.9 faiz artım deməkdir.
Cəmi kapitalın həcminə görə bazarın lideri ABB olaraq qalır. Bankın kapitalı 2 milyard 204.7 milyon manata çataraq bir il ərzində əhəmiyyətli artım nümayiş etdirib. İkinci yerdə Kapital Bank qərarlaşıb. Bankın cəmi kapitalı 1 milyard 178.3 milyon manat olub. Üçüncü pillədə PAŞA Bank yer alıb – bankın kapitalı 917.8 milyon manat təşkil edib.
Dördüncü sırada Xalq Bank (542.5 milyon manat), beşinci yerdə isə Bank Respublika (249.4 milyon manat) qərarlaşıb. Beləliklə, sektorun ən iri beş bankı kapital həcminə görə bazarda əsas payı formalaşdırıb.
Belə ki, TOP-5 bankın cəmi kapitalı 5 milyard 92.6 milyon manat təşkil edib. Bu isə 2025-ci ilin IV rübündə bank sektorunun ümumi kapitalının təxminən 69.3 faizinə bərabərdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin IV rübündə TOP-5 bankın cəmi kapitalı 4 milyard 594.6 milyon manat, bazar payı isə təxminən 69.4 faiz olub.







