6 C
Baku
Saturday, December 14, 2024

Bankların konsolidasiya və yenidən təşkili prosedurları təsdiqlənib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bankların yenidən təşkili haqqında Qaydalar”ını təsdiqləyib.

APA-nın məlumatına görə, bu Qaydalar bankların birləşmə, qoşulma və çevrilmə şəklində yenidən təşkili prosedurlarını müəyyən edir.

Birləşmə iki və ya daha çox bankın hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) təhvil aktına uyğun olaraq yeni yaranmış banka (hüquq varisinə) keçməsi, qoşulma  bir və ya daha çox bankın hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) təhvil aktına uyğun olaraq fəaliyyətdə olan digər banka (hüquq varisinə) keçməsi, çevrilmə  bankın təşkilati-hüquqi forması dəyişməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) təhvil aktına uyğun olaraq yeni yaranmış bank olmayan kredit təşkilatına (BOKT) (hüquq varisinə) keçməsi ilə nəticələnən bankın yenidən təşkili prosesidir.  Yenidən təşkil olunan bank birləşmə, qoşulma və ya çevrilmə formasında yenidən təşkil olunma niyyəti olan bankdır. Qoşulan bank  fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələri (aktiv və öhdəlikləri) yenidən təşkil olunan banka (hüquq varisinə) keçirilən bankdır.

 

Bankın (bankların) yenidən təşkili prosesi aşağıdakı əsas mərhələlərdən ibarətdir:

 

– yenidən təşkilə dair qabaqcadan razılığın alınması üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (yazılı ərizə ilə müraciət edilməsi;

-Palatanın razılığı alındıqdan sonra müvafiq qərarın qəbul edilməsi məqsədi ilə yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağının (çevrilmə zamanı BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağının) keçirilməsi;

– yenidən təşkilə dair qəbul edilmiş qərar barədə Mülki Məcəlləsinin 58-ci maddəsinə müvafiq olaraq yenidən təşkil olunan bankın (bankların) kreditorlarının məlumatlandırılması;

– yenidən təşkil olunma nəticəsində yaradılmış hüquqi varis olan bankın və ya BOKT-nin dövlət qeydiyyatından keçməsi;

– dövlət qeydiyyatından keçdikdən sonra yenidən təşkil olunan bankın (bankların) bank lisenziyasının ləğv edilməsi və hüquqi varis olan banka və ya yaradılmış BOKT-yə müvafiq xüsusi razılığın (lisenziyanın) verilməsi.

 

Yenidən təşkil olunmaq üçün Palatanın qabaqcadan razılığının alınması məqsədi ilə bank (banklar) səhmdarların ümumi yığıncağının keçiriləcəyi tarixdən ən azı 90 təqvim günü əvvəl Palataya yazılı ərizə ilə müraciət edir. Ərizə yenidən təşkil olunan bankın (bankların) Müşahidə Şurasının sədri (sədrləri) tərəfindən imzalanır və bankın (bankların) möhürü ilə təsdiq edilir. Yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağı (BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağı) yenidən təşkilə dair Palatanın verdiyi razılığın tarixindən sonra 3 ay ərzində keçirilməli və yenidən təşkil barədə qərar qəbul edilməlidir. Yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağı (BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağı) keçirildiyi gündən sonra 5 iş günü ərzində həmin yığıncağın protokolunun surəti Palataya təqdim edilir. Bankın BOKT-yə çevrilməsi halında Palataya təqdim olunan bankın səhmdarlarının ümumi yığıncağının protokolunun surətinə səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq edilmiş bankın əmanətçiləri və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı əlavə olunmalıdır. 3 ay ərzində yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağı (BOKT-yə çevrilən bankın səhmdarlarının ümumi yığıncağı) keçirilmədikdə və ya yenidən təşkil barədə qərar qəbul edilmədikdə Palata bankın (bankların) yenidən təşkilinə qabaqcadan verdiyi razılığı ləğv edir.

 

Bankın (bankların) yenidən təşkilinə qabaqcadan razılığın verilməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:

 

–  hüquqi varis olan bank Palata tərəfindən banklar üçün müəyyən edilmiş minimum məcmu kapitala, yeni yaradılan BOKT isə BOKT-lər üçün müəyyən edilmiş minimum nizamnamə kapitalına malik olmalıdır;

– birləşmə və ya qoşulma halında hüquqi varis olan bankın maliyyə göstəriciləri məcmu və birinci dərəcəli kapitalın adekvatlığı və leverec əmsalları üzrə Palatanın banklar üçün müəyyən etdiyi prudensial normativlərə uyğun olmalıdır;

– BOKT-yə çevrilmək niyyəti olan bankın maliyyə hesabatlarından bankın əmanət və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərinin tam icrası üçün kifayət həcmdə vəsaitlərin olması və ya cəlb ediləcək əlavə vəsaitlərin mənbələri müəyyən olunmalıdır;

– hüquqi varis olan bankın və ya BOKT-nin inzibatçı vəzifələrinə təklif edilən namizədlər “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunların tələblərinə uyğun olmalıdır.

 

Birləşmə və ya qoşulma formasında yenidən təşkilə qabaqcadan razılığın alınması üçün Palataya təqdim olunan müraciətə yenidən təşkil olunan bankların səhmdarlarının birgə ümumi yığıncağının keçirilməsi tarixi və iclasın gündəliyinin layihəsi, yenidən təşkilin başa çatdırılması müddəti barədə məlumat, filial, şöbə və nümayəndəlikləri göstərməklə (belə bölmələrin olması nəzərdə tutulduğu halda) hüquqi varis olan bankın təşkilati strukturu barədə məlumat, yenidən təşkil nəticəsində yaranan hüquqi varis olan bankın inzibatçı vəzifələrinə təklif olunan namizədlərin “Banklar haqqında” qanunun tələblərinə uyğunluğu bərədə məlumat və sənədlər, hüquqi varis olan bankın kapital strukturu barədə məlumat və  hüquqi varis olan bankın kapitalında mühüm iştirak payının yeni sahibləri barədə məlumat və mühüm iştirak payı sahiblərinin nizamnamə kapitalında pay nisbətlərinin (belə hallar olduqda) dəyişiklikləri barədə məlumat əlavə edilir.

 

Çevrilmə formasında yenidən təşkilə qabaqcadan razılığın alınması üçün müraciətə səhmdarların ümumi yığıncağının keçirilməsi tarixi və iclasın gündəliyinin layihəsi, əmanətçilər və digər depozit hesabı sahiblərinin qarşısında olan öhdəliklərin BOKT yaradılanadək yerinə yetirilməsi planı, habelə bu öhdəliklərin yerinə yetirilməsi üçün əlavə vəsaitlərin cəlb edilməsi nəzərdə tutulduqda bu vəsaitlərin cəlb olunmasına dair sənədlər, yaradılacaq BOKT-nin nizamnaməsinin layihəsi və təşkilati-strukturu, yaradılacaq BOKT-nin inzibatçı vəzifələrinə təklif olunan namizədlərin “Bank olmayan kredit təşkilatları haqqında” qanun ilə müəyyən olunmuş tələblərə uyğunluğuna dair məlumat və sənədlər və yaradılacaq BOKT-nin kapitalı barədə məlumat əlavə edilir. Bank əmanət və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərini icra planında müəyyən edilmiş müddət ərzində yerinə yetirə bilmədikdə dərhal Palataya bu barədə yazılı məlumat verməlidir. Bank tərəfindən əmanət və digər depozit hesabı sahibləri qarşısında olan öhdəliklərin icra planına uyğun olaraq yerinə yetirilməməsi, habelə bankın qəbul etdiyi qərara əsasən üzərinə götürülmüş öhdəliklərin pozulması halları aşkar edildikdə Palata yenidən təşkilə qabaqcadan verdiyi razılığı ləğv edir və yenidən təşkil prosesi dayandırılır.

Son xəbərlər
Digər xəbərlər