15 C
Baku
Tuesday, December 2, 2025

Bankların kredit-depozit marjası son illərin maksimumuna qalxıb

İlin əvvəlindən bəri Azərbaycan bank sektorunda faiz dinamikası əhəmiyyətli şəkildə dəyişib — depozitlər üzrə gəlirlilik zəiflədiyi halda, kreditlər üzrə faiz yükü artmaqda davam edir. Bunun nəticəsində bankların faiz marjası daha da genişlənib və sektor rekord səviyyədə gəlirlilik nümayiş etdirib. Tənzimləyicinin xəbərdarlığına rəğmən bankların hələ ki, bu strategiyada dəyişikliyə getmək istəmədiyi görünməkdədir.

Banker.az Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, 2025-ci ilin ilk 11 ayı ərzində manatla yeni cəlb olunmuş müddətli depozitlərin orta faiz dərəcəsi eniş meyli göstərib və noyabr ayında 6.70%-ə qədər düşüb. Halbuki, 2024-cü ilin dekabrında bu göstərici 8.71% təşkil edirdi.

Xarici valyutada depozit dekabrda 3.19% olan göstərici noyabrın əvvəlinə 2.76% səviyyəsinə enib.

Banklar tərəfindən verilmiş kreditlərin orta faizləri isə əksinə, ilin böyük hissəsində yüksələn dinamika ilə seçilib. Manatla kredit faizləri keçən ilin dekabr ayında 17.07% olduğu halda, noyabrda 18.72%-ə yüksəlib. İlin ortalarında 19%-a qədər yüksəlmişdi.

Xarici valyutada kredit faizləri də dalğalı olsa da, xüsusilə mart–aprel aylarında artım müşahidə olunsa da,  ilin sonuna doğru 6.31% səviyyəsində olub.

Beləliklə, milli valyutada kredit və depozit fərqi (spread) cari ilin əvvəlində 8.36 faiz olduğu halda, 1 noyabr tarixində 12.02 faizə yüksəlib. Bu, keçən ilin əvvəlindəki 8.22 faiz səviyyəsini xeyli üstələyir.

Picture1 scaled

Xatırladaq ki, 2025-ci ilin ilk 10 ayında banklar müştərilərə verilən kreditlərdən 3 milyard 234.6 milyon manat faiz gəliri qarşılığında depozitlər üzrə 1 milyard 52.8 milyon manat faiz xərci ödəyiblər. Bu da o deməkdir ki, 2 mlrd. 181.8 mln. manat xalis faiz gəliri əldə ediblər. Keçən ilin müvafiq dövründə banklar kredit üzrə faizlərdən 2 mlrd. 518.9 mln. manat faiz gəliri, depozitlərdən isə 725.8 mln. manat faiz xərci ödəmişdilər ki, bu da 1 mlrd. 793.1 mln. manat xalis faiz gəliri deməkdir.

Mərkəzi Bankın sədri Taleh Kazımov da ilin əvvəlindəki keçirilən mətbuat-konfransda bu məsələyə toxunmuşdu və təsdiqləmişdi ki, kredit və depozitlər arasında faiz yüksəkdir. Onun sözlərinə görə, banklar daha ədalətli və uzunmüddətli inkişaf modelinə keçid etməli, “aşağı marja, böyük həcm” prinsipi ilə işləməyə uyğunlaşmalıdırlar.

“Banklara deyirik ki, kreditləşməni davam etdirmək üçün öz marjalarınızdan istifadə etməlisiniz. Bu gün marjalarınız çox yüksəkdir. Banklar artıq böyük marja deyil, aşağı marja ilə böyük həcmlərdə işləmə mədəniyyətini formalaşdırmalıdır”- deyə, bankir Kazımov əlavə etmişdi.

İqtisadçı-ekspert Elman Sadıqov bununla bağlı Banker.az-a açıqlamalarının birində hazırda bankların depozit və kredit faizləri arasındakı spredi (fərqi) daraltması imkanları olduğunu və bu imkanlardan faydalanmalı olduğunu demişdi. O, bankların son illərdə yaranmış şəraitdən istifadə edərək demək olar ki, 90%-nin strateji yanaşma tərzində dəyişikliklərə getməli olduqlarını bildirmişdi.

 

Son xəbərlər
Digər xəbərlər