Azərbaycanda 2024-cü ilin I rübü ərzində bankların aktivlərinin həcmi 268.3 mln. manat və ya 0.55 faiz azalıb, lakin müştərilərə verilən kreditlər yüksəlməkdə davam edir.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
1 aprel 2024-cü il tarixinə bankların aktivlərinin həcmi 48 mlrd. 909.9 mln. manat təşkil edib. Halbuki, cari ilin əvvəlində aktivlərin həcmi 49 mlrd. 178.2 mln. manat idi.
Bununla belə, bankların aktivlərinin əsas hissəsi sayılan müştərilərə verilmiş kreditlərin həcmi 3.97 faiz ilk rübdə artım göstərməklə 24 mlrd. 102.6 mln. manata yüksəlib. Biznes kreditlərinin həcmi ilin əvvəlindən 4.63 faiz artaraq 13 mlrd. 201.5 mln. manata, istehlak 2.95 faiz artımla 7 mlrd. 141.9 mln. manata və ipoteka kreditlərinin həcmi isə 3.58 faiz artımla 3 mlrd. 759.2 mln. manata yüksəlib.
Depozitlər hesabat müddətində 0.76 faiz artımla 34 mlrd. 812.8 mln. manata yüksəlib ki, bunun da 12 mlrd. 868.5 mln. manatı fiziki şəxslərin, 21 mlrd. 944.3 mln. manatı hüquqi şəxslərin vəsaitləridir.
Azərbaycanda 2024-cü ilin I rübündə banklar tərəfindən 311.5 mln. manat xalis mənfəət, 444.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edilib.