22 C
Baku
Friday, April 19, 2024

Bankların kredit qabiliyyətliyinin tənzimlənməsi alətləri

İqtisadiyyatın vəziyyətindən asılı olaraq pul-kredit siyasəti ya kredit və pul emissiyasının (kredit ekspansiyası) stimullaşdırılması, ya da onların qarşısının alınması və məhdudiyyətlərin qoyulmasına (kredit restriksiya) istiqamətlənir. İstehsalın azalması və işsizliyin artdığı şəraitdə mərkəzi banklar kredit ekspansiyası və faiz dərəcələrinin aşağı salınması yolu ilə konyukturanı canlandırmağa çalışırlar. Əksinə, iqtisadi artım əsasən qiymət artımı və iqtisadiyyatda disproporsiyaların yaranması ilə müşayiət olunur. Belə bir şəraitdə mərkəzi banklar iqtisadi “bumun” qarşısını almağa çalışırlar.

Onlar tərəfində iqtisadiyyatın tənzimlənməsi zamanı pul-kredit siyasətinin aşağıdakı metodlarından istifadə olunur:

1. Bütünlükdə borc kapitalı bazarına təsir göstərən ümumi metodlar

2. Ayrı-ayrı sahə və iri firmaların konkret kredit növlərinin tənzimlənməsi üçün nəzərdə tutulan selektiv metodlar

Ümumi metodlara kredit siyasətinin aşağıdakı alətləri daxildir:

• Uçot siyasəti – kredit tənzimlənməsinin ən qədim metodu: o, aktiv olaraq, XIX əsrin ortalarından tətbiq olunmağa başlayır. Bu alətin yaranması mərkəzi bankların kommersiya bankları üçün kreditor rolunu oynaması ilə əlaqədar idi. Kommersiya bankları xüsusi borc öhdəlikləri əvəzində kreditlər götürürdülər. Kreditlər üzrə faiz dərəcəsini artıraraq (uçot faiz dərəcəsi və ya diskont dərəcəsi) mərkəzi bank digər kredit institutlarının kredit götürməsini çətinləşdirirdi. Bu da bankların resurs ehtiyatının azalmasına və faiz dərəcələrinin artmasına səbəb olurdu, nəticə etibarilə kredit əməliyyatlarının həcmi azalırdı.

Uçot siyasətindən daha çox XIX əsrin sonu – XX əsrin əvvəllərində böyük populyarlıqla istifadə olunurdu. XX əsrin 30-40-cı illərində mərkəzi banklar Keyns tərəfindən tövsiyə edilən “ucuz pul” siyasəti, başqa sözlə aşağı faiz dərəcəsi və yüksək kreditləşmə həyata keçirilirdi. Ingiltərədə 1932-1951-ci illərdə uçot faiz dərəcəsi 2%, ABŞ-da isə 1937-1948-ci illərdə 1% səviyyəsində saxlanılırdı. 50-ci illərdə bir çox ölkələrdə uçot siyasətindən aktiv şəkildə istifadə olunmağa başlanıldı. Lakin ümumi götürdükdə digər metodlarla müqayisədə tənzimlənmənin bu metodunun əhəmiyyəti azalmışdır.

• Bazar və ya əvvəlcədən müəyyən edilmiş məzənnə üzrə mərkəzi bank tərəfindən kommersiya banklarından qiymətli kağızlar, bank akseptləri və digər kredit öhdəliklərinin alınması və ya satılması yolu ilə həyata keçirilən açıq bazar əməliyyatları. Alış zamanı mərkəzi bank uyğun məbləği kommersiya banklarına köçürür, bununla da onların ehtiyat hesablarında olan vəsaitlər artmış olur. Satış zamanı isə mərkəzi bank bu hesablardan vəsaiti silir. Bu da öz növbəsində bank sisteminin ehtiyat mövqeyinə təsir göstərmiş olur və onun tənzimlənməsində istifadə olunur.

• Kommersiya banklarının məcburi ehtiyat normalarının müəyyən edilməsi bir tərəfdən bank likvidliyinin artırılması, digər tərəfdən isə investisiyaların birbaşa məhdudlaşdırılması üçün istifadə olunur. Məcburi ehtiyat normasının dəyişdirilməsi bankın kredit qabiliyyətliyinə birbaşa təsir üsuludur, buna görə də bir sıra iqtisadçılar bu metodu çox güclü metod hesab edirlər və ondan çox nadir hallarda istifadə olunur. O, ilk dəfə 1933-cü ildə ABŞ-da tətbiq olunmuşdu.

Xüsusi metodlara isə aşağıdakılar daxildir:

• Ayrı-ayrı kredit növləri üzrə nəzarət birja qiymətli kağızlarının girov qoyulması, möhlətlə məhsulların alındığı istehlakçı krediti və ipoteka krediti yolu ilə həyata keçirilir. İstehlakçı kreditinin tənzimlənməsi əsasən borc kapitalı bazarında gərginliyin yaşandığı hallarda – dövlət tərəfindən borc kapitalını bu və ya digər sahənin xeyrinə bölüşdürülməsi və ya istehlakçı tələbini aşağı salmaq məqsədilə tətbiq olunur.

• Bank əməliyyatları üzrə risk və likvidliyin tənzimlənməsi. Bütün dünyada risk üzərində dövlət nəzarəti son iyirmi ildə getdikcə daha çox güclənir. Bank fəaliyyətində riskin qiymətləndirilməsi borcalanların maliyyə vəziyyətinin təhlil edilməsi yolu ilə deyil, öz ehtiyatları hesabına verilmiş kreditlərin təhlil edilməsi yolu ilə həyata keçirilir.

Bir çox ölkələrdə müştərilərə kreditin verilməsi zamanı banklar banklar bir sıra prinsiplərə riayət etməlidirlər. Bir qayda olaraq, bir müştəri və ya onların qarşılıqlı əlaqədə olduğu qrupa verilmiş kreditin həcmi bankın xüsusi ehtiyatlarının müəyyən bir faizini təşkil etməlidir, bu göstərici ABŞ-da 10, Fransada isə 75%-ə bərabərdir. Inkişaf etmiş ölkələrdə kredit əməliyyatlarının həcmi və xüsusi vəsaitlər arasındakı nisbət də müəyyən edilir. Məsələn, Fransada bank tərəfindən verilən kreditlərin ümumi həcmi xüsusi vəsaitlərdən 20 dəfədən çox ola bilməz.

Bununla da, müasir dövlətlər iqtisadiyyatın tənzimlənməsinin müxtəlif metodlar sisteminə malikdir, onun tərkib hissələri nəinki bazara təsir etdikləri vasitələrin gücü, həm də onların tətbiq edilməsi sferası üzrə fərqlənir. Situasiya düzgün qiymətləndirildiyi zaman ölkəni mümkün böhrandan çıxara biləcək optimal həll yollarını tapmaq mümkün olur.

Son xəbərlər
Digər xəbərlər