Azərbaycanda fəaliyətdə olan banklardan 2023-cü ilin 1 yanvar tarixinə maliyyə mənbəsindən müddətli əmanətlərin ən çox payı olduğu banklar açıqlanıb.
Banker.az-ın tərtib etdiyi renkinqə görə, üç bankın maliyyə mənbəsində müddətli əmanətlərin öhdəliklərində payı yarıdan çoxdur.
Öhdəliklərində ən çox müddətli əmanətlərin payı olduğu bank “Azərbaycan Sənaye Bankı” ASC-dir. Bankın öhdəlikləri hesabat dövründə 637.56 milyon manat olub, bunun da 56.56%-ni 360.6 milyon manatlıq müddətli əmanətlər təşkil edir.
Siyahıda ikinci “AccessBank” QSC (56.55%) və üçüncü isə “MuğanBank” ASC-dir (50.41%).
Müddətli əmanətlərin ən az payı olduğu bank ABB-dir. Ölkənin nəhəng bankının 12 mlrd. 405.97 mln. manatlıq öhdəliklərində şəxslərin müddətli əmanətlərinin həcmi 842.41 mln. manata yaxındır ki, bu da ümumi payın 6.79% olmasıdır.
Xatırladaq ki, bank sektorunun 40 mlrd. 200.23 mln. manatlıq öhdəliklərinin 21.54%-i, yaxud 8 mlrd. 659.41 mln. manatı müddətli depozitlərdir.
Müddətli depozitlər – müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.
Tələbli depozitlər – Müştəri öz vəsaitini qeyri-müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır. (Bəzi banklarda tələbli depozitlərə maksimum 7%-ə qədər illik faiz hesablana bilir, bu da çox məhdud həcmdə).