15 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupunun görüşü olub. Bu barədə Banker.az-a Assosiasiyadan məlumat daxil olub.
Görüşdə “Bankların maraqlarının toqquşmadıqları ümumi araşdırmaların bankların təklifi ilə səs çoxluğuna əsasən seçilmiş təşkilat tərəfindən ABA-nın təşkilati dəstəyi ilə həyata keçirilməsi”, “”Banklar və Biznes Qəzeti” (BBN) ilə əməkdaşlıq”, “Maliyyə Savadlığı çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə görüşün keçirilməsi” və “2018-ci il üçün tədbirlər planının müzakirəsi” kimi məsələlər müzakirə olunub.
Müzakirələr zamanı ABA adından daxili CSR sorğusunun keçirilməsi əsas mövzu obyekti olub.
Bununla yanaşı, jurnalistlərin maliyyə və bank sektoru haqqında Kütləvi İnformasiya Vasitələrində (KİV) yanlış və ya təhrif olunmuş informasiyalarla çıxış etmələri və bunun yaratdığı problemlərdən birgə çıxış yollarının axtarıb tapılması ətrafında da fikir mübadiləsi aparılıb.
İclas zamanı, həmçinin, sosial layihələrin təşkili ilə bağlı əməkdaşlıq məsələləri haqqında da danışılıb.
Sonda daxili CSR sorğusunun keçirilməsi, Maliyyə savadlığının onun tərkibinə daxil edilməsi və 2018-ci il üçün yeni tədbirlər planının hazırlanması qərara alınıb.