20 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Marketinq və PR üzrə” Ekspert Qrupunun yeni sədri ilə ilk iclası keçirilib. İclasda 10 bank təmsil olunub.
Belə ki, “Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyevanın Ekspert Qrupuna yeni sədr təyin edilməsi ilə əlaqədar tanışlıq məqsədilə keçirilən iclasda, həmçinin Qrupun fəaliyyət strategiyası, PR və Marketinq sahəsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Bununla yanaşı mediada yayımlanmış yanlış və ya təhrif olunmuş informasiyaların yaratdığı problemlərdən birgə çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.
İclasın sonunda sosial layihələrin təşkili ilə bağlı əməkdaşlıq məsələləri haqqında da danışılıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.