2019-cu ilin dekabr ayına Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 14,901 mlrd. manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2018-ci ilin sonunda isə bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 13,020 mlrd. manat olub. Belə ki, illik müqayisədə bankların regionlar üzrə kredit qoyuluşu 2019-cu ildə 14,4% artıb.
Hesabat dövründə banklar tərəfindən təklif olunan kreditlərin orta faiz dərəcəsi 11,1%-ə bərabər olub.
Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələri Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonları tutur.
Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Yuxarı Qarabağ iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 23.1% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 9,3% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 15,2%-ə bərabər olub.