21 C
Baku
Friday, September 20, 2024

Bankların saytlarına inana bilərikmi?

Bir çoxlarımız üçün əsas informasiya axtardığımız məkan məhz internetdir. Bu gün intenet lazımı informasiyaya çıxış əldə etməyin ən sürətli üsuludur.

Sizcə adi bir tələbəyə bank haqqında hər hansı bir məlumatı öyrənmək üçün bankların filiallarını gəzmək asan olar, ya sadəcə bankın saytı vasitəsilə istədiyi məlumatı əldə etmək daha rahatdır. Təbii ki, o birinci növbədə Google-da axtarış etməyə üstünlük verəcək. 

Banklar haqqında tam və dolğun informasiyanın ən düzgün ünvanı isə bankların rəsmi saytlarıdır.

Bəs müştərilər, bankın saytı vasitəsilə doğru informasiyanı əldə edə biləcəyindən nə qədər əmin ola bilər? Sizcə banklarımızın saytları nə qədər doğru və operativ işləyir?

Bəzi banklarımızın saytlarına nəzər yetirdiyimiz zaman demək olar ki, bütün növdə kredit məhsulları təklif etdiklərini görə bilərik. Həmin banka hər hansı bir məhsul üçün müraciət etdiyimiz zaman isə bankın əməkdaşı həmin məhsulun uzun müddətdir ki, “dayandırıldığını” söyləyir. Bəs niyə bankda həmin məhsul olmadığı halda saytlarında dərc olunur? Bu ya saytın operativ işləmədiyini ya da olmayan bir məhsulu var imiş kimi təqdim etdiklərini göstərir.

Banklarımızda kredit mədəniyyətinin maarifləndirilməsi də çox aşağı səviyyədədir. Bəzən məlumatsız müştərilərə kredit faizləri ( effektiv və nominal faizlərin fərqinin açıqlanmaması ), kredit kartlardan düzgün istifadə etmək qaydaları, borclanma riski və s. haqqında düzgün məlumat verilmir. Sadəcə məhsulun müsbət tərəflərinin göstərilməsi ilə də rastlaşırıq. Bu zaman istifadə etdiyi məhsul haqqında kifayət qədər məlumatı olmayan müştərinin isə maddi vəziyyəti pisləşməyə başlayır.

Əgər hər hansı bir müştəri müraciət etdiyi bank haqqında daha ətraflı məlumat əldə etmək istəsə, bu istəyini də həyata keçirməkdə çətinlik çəkəcək.

Adlarını qeyd etmədiyimiz bir neçə banklar da var ki, siz həmin banklardan rüblük maliyyə hesabatları, aylıq maliyyə göstəricilərini belə görə bilməyəcəksiniz. Bır sıra banklarda bu göstəricilər mütəmadi yenilənsə də digər banklar belə nüanslara diqqət yetirmirlər. Hətta elə banklarımız da var ki, siz onların rəsmi saytlarında sadəcə 2009 –cü ilin hesabatını görə bilərsiniz. Bütün bunlarla yanaşı bankın rəhbərləri, səhmdarları və s. haqqında məlumat belə əldə etmək mümkün deyil.

Həmçinin bəzi banklarımızda kreditin, depozitlərin və plastik kartların onlayn sifarişi, kreditlərin onlayn ödənişi, depozitlərin onlayn artırılması belə mümkün deyil. Ümumiyyətlə isə bankların “internet bankinq” adı altında hansı xidmətləri təqdim etdikləri aydın deyil.

Bununla yanaşı bankların müştərilərə onlayn dəstək göstərməsi, onlayn konsultasiyalar, şikayət və təkliflərin qəbulu da çox yaxşı olardı. Söhbət təkcə onlayn qəbuldan deyil, həmin şikayətlərin yerindəcə araşdırılması və operativ həllindən gedir. Təəssüf ki, bu cür komforta çox az bankda rast gəlmək olur.

Onu da qeyd edək ki, banklarımız müştərilərinə demək olar ki, dünyanın heç bir ölkəsində olmayan şərtlər və faizlər ilə kredit təklif edirlər. Bəs nəyə görə bu qədər yüksək faizlər ödədiyimiz halda banklarımızdan yüksək səviyyədə xidmətlər əldə edə bilmirik?   

Son xəbərlər
Digər xəbərlər