9 C
Baku
Thursday, December 12, 2024

Bankların vergiyə cəlb olunmasının aktual problemləri

Müəllif: Toğrul Əliyev

Məlum olduğu kimi, 28 oktyabr 2008-ci il tarixdə “Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Qeyd edilən Qanuna əsasən bankın, sığorta və təkrarsığorta şirkətinin mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsi 2009-cu il yanvar ayının 1-dən 3 il müddətinə mənfəət vergisindən azaddır.

Həmin Qanunun qəbul edilməsində əsas məqsəd maliyyə sektorunun inkişafının sürətləndirilməsi, bank və sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, habelə bankların, sığorta və təkrarsığorta şirkətlərinin ödəmə qabiliyyətinin möhkəmləndirilməsi və həmin şirkətlərin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılmasıdır.

Bununla əlaqədar, bankların vergiyə cəlb olunması xüsusiyyətlərini nəzərdən keçirmək məqsədəmüvafiqdir. Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən də maliyyə-kredit sahəsində  vergiyə cəlb olunma, fəaliyyətin yerindən və ya növündən asılı olmayaraq, vergitutmanın eyni prinsipləri əsasında həyata keçirilir. Vergitutmanın əsas prinsipləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmişdir. Bu prinsiplər aşağıdakılardan ibarətdir:

– vergitutmanın ümumi, bərabər və ədalətli olması;

– vergilərin iqtisadi cəhətdən əsaslandırılması;

– hər kəsin Konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilməməsi;

– Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan vergilərin müəyyən edilməsinə yol verilməməsi;

– heç bir şəxsin əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilməməsi;

– vergilərin siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməməsi və diskriminasiya xarakteri daşıya bilməməsi;

– mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsinin qadağan edilməsi;

– fiziki və hüquqi şəxslər üçün vergilərə aid normativ hüquqi aktlarla tanış olmaq imkanının təmin edilməsi;

– sahibkarlıq və investisiya fəaliyyətinin təşviq edilməsi.

Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən ödənilən vergilər hansılardır?

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bank təşkilatlarının həyata keçirə biləcəyi fəaliyyət növlərinin sayı məhdudlaşdırılmışdır. Ona görə də Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları həyata keçirə biləcəkləri fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq, Vergi Məcəlləsində nəzərdə tutulan 9 növ vergidən  yalnız 4-nün mənfəət vergisinin, əlavə dəyər vergisinin, əmlak və torpaq vergilərinin ödəyiciləri ola bilərlər.

Mənfəət vergisi. Vergi Məcəlləsinə əsasən, mənfəət vergisini rezident və qeyri-rezident hüquqi şəxslər, o cümlədən banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları (Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları istisna olunmaqla) ödəyirlər. Mənfəət vergisi üzrə vergitutma obyekti  hüquqi şəxsin hesabat ili ərzində əldə etdiyi mənfəətdən ibarətdir.

Rezident bankın və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatının vergi tutulan mənfəəti dedikdə, onun qanunvericiliklə müəyyən edilən fəaliyyətindən əldə etdiyi gəliri ilə Vergi Məcəlləsinə əsasən həmin gəlirin əldə edilməsinə çəkilən xərcləri arasındakı fərq nəzərdə tutulur.

Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə  fəaliyyət göstərən qeyri-rezident bank bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin Vergi Məcəlləsinə əsasən həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Qeyri-rezident bankın daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri Vergi Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda ödəmə mənbəyində vergiyə cəlb olunur.

Digər mənfəət vergisi ödəyicilərində olduğu kimi, bankın və  bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatının mənfəətindən vergi 22 faiz dərəcə ilə tutulur.

Əlavə dəyər vergisi. Vergi qanunverciliyinə uyğun olaraq, maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. Qeyd edək ki, Vergi Məcəlləsinin 13.2.14-cü maddəsinə əsasən, maliyyə xidmətləri dedikdə, aşağıdakılar nəzərdə tutulur:

– kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və  ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi;

– müştərilərin depozitlərinin və hesablarının idarə  edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və  tədiyə vasitələri ilə bağlı əməliyyatlar;

– qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü  ilə bağlı əməliyyatlar;

– səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir;

– törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsionlara və analoji sazişlərə aid əməliyyatlar;

–  investisiya fondlarının idarə edilməsi ilə bağlı  xidmətlər.

Vergi Məcəlləsinin 175.6-cı madəsinə müvafiq olaraq ƏDV-dən azad olunan, yaxud ƏDV-ə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.

Əlavə dəyər vergisi təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərindən 18% dərəcə ilə hesablanır.

Əmlak vergisi. Mülkiyyətində əmlak vergisinin vergitutma obyektləri olan  rezident banklar (Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları istisna olunmaqla) və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə fəaliyyət göstərən qeyri-rezident banklar əmlak vergisinin ödəyiciləridir.

Bankların və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarının əmlak vergisinin vergitutma obyekti dedikdə, onların balansında olan əsas vəsaitlərin orta illik dəyəri nəzərdə tutulur

Bütün müəssisələr kimi,  bankların və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları  əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə  əmlak vergisi ödəyirlər.

Torpaq vergisi. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident banklar (Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları istisna olunmaqla) torpaq vergisinin ödəyiciləridir. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.

Torpaq vergisi torpaq sahəsinin təyinatından və yerləşdiyi regiondan asılı olaraq, Vergi Məcəlləsinin 206-cı maddəsi ilə müəyyən edilən dərəcələrlə mülkiyyətdə və ya istifadədə olan torpağın sahəsindən hesablanır. Qeyd edək ki, Vergi Məcəlləsinin 206.3-cü maddəsinə uyğun olaraq sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə müvafiq dərəcələr tətbiq olunur.

Vergi qanunvericiliyinin pozulmasına görə bankların və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarının məsuliyyəti necədir?

Məlum olduğu kimi, vergi qanunvericiliyinə uyğun olaraq, dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Əgər vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu yoxdursa, həmin şəhadətnamə-dublikat qeyd edilən müddətdə verilir. Vergi ödəyicisi tərəfindən nəzərdən keçirilən qaydalara əməl olunmadıqda, həmin vergi ödəyicisinə sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin hesablaşma hesabı və ya digər hesablar açdığına görə hər açılmış hesab üçün 400 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Eyni zamanda, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması haqqında vergi orqanlarının sərəncamlarını icra etmədiyinə görə – icra edilməmiş həmin ödəmə tapşırıqlarında və ya sərəncamlarda göstərilən məbləğin 20 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Vergi ödəyicisinin valyuta hesabından vəsait mübahisəsiz qaydada tutulduğu halda, bank həmin gün Mərkəzi  Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur. Valyuta vəsaiti vergi ödəyicisi tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra olunur.

Bununla bərabər, vergi qanunvericiliyi ilə müəyyən edilən hallarda vergi ödəyicisindən banka və ya bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatına müvafiq tapşırıq və ya sərəncam daxil olduğu gündən həmin günlər üçün vergi ödəyicisinə faiz hesablanmır.

Bank və bank əməliyyatlarının ayrı-ayrı  növlərini həyata keçirən kredit təşkilatlarına verilən vergi güzəştləri hansılardır?

İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında maliyyə-kredit siyasətini həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən mənfəət, əmlak və torpaq vergilərini ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mərkəzi Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi əlavə dəyər vergisindən azaddır. Vergi Məcəlləsinə əsasən bank təşkilatlarının göstərdikləri maliyyə xidmətləri, milli və ya xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi əlavə dəyər vergisindən azad edilir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 165.1.5-ci maddəsinə müvafiq olaraq qızıl və digər qiymətlilərin Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilməsi “0”  dərəcə ilə  əlavə dəyər vergisinə cəlb olunur.

Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları fəaliyyətinin xüsusiyyətləri nəzərə  alınaraq Vergi Məcəlləsi ilə banklara qanunvericiliyə  müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququ verilmişdir.

Eyni zamanda, yuxarıda qeyd olunan xüsusi güzəştlərdən başqa, banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları sahibkarlığın və investisiya fəaliyyətinin inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş digər güzəştlərdən də Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada istifadə etmək hüququna malikdirlər.

Vergi qanunvericiliyinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini müvafiq Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Vergi ödəyicisi tərəfindən hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər və ya tətbiq edilmiş maliyyə sanksiyaları bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verir. Qeyd edək ki, Vergi Məcəlləsinin 65.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir.  Eyni zamanda, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya vergilər üzrə borcların və faizlərin tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə, vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və onun hesablarına vəsait daxil olduqca icra edilir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 65.8-ci maddəsinə uyğun olaraq, vergi orqanları tərəfindən verilmiş sərəncam bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar və faizlər vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin dövlət büdcəsinə alınması haqqında sərəncamları  bank və digər kredit təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir

Vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınması  məqsədilə vergi qanunvericiliyi ilə banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları qarşısında bir sıra vəzifələr qoyulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 75-ci maddəsinə müvafiq olaraq banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları borcludurlar:

– yalnız vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verildiyini təsdiq edən sənədlər verildikdən sonra hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə hesablaşma hesabları, yaxud digər hesablar açmağa, bank sənədlərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə hesablar üzrə əməliyyatlar aparmamağa;

– hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin öz hesablaşma, valyuta və ya digər hesablarından vergilərin ödənilməsi haqqında ödəmə tapşırıqlarını icra etməyə;

– hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin hesablaşma və  ya digər hesablarından vəsaitin tutulması üzrə əməliyyatların aparıldığı gün vergi məbləğlərini müvafiq büdcəyə keçirməyə (banka və ya büdcəyə kassa xidməti göstərən digər maliyyə idarəsinə köçürməyə).

Vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş  qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılmaması, mühasibat və hesabat sənədlərinin məhv olunması (itirilməsi) halları aşkar edildikdə, habelə vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə, onlara ərazi və ya binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, vergi ödəyicisinin vergi öhdəliklərini müəyyənləşdirmək məqsədi ilə vergi orqanları müvəkkil banka yazılı bildiriş göndərməklə həmin bankın xidmət etdiyi hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə qanunvericiliyə uyğun olaraq məlumat almaq hüququna malikdirlər.

Müvəkkil bank vergi orqanı tərəfindən göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 gün ərzində hüquqi şəxsə və fərdi sahibkara rəsmi məlumat göndərməlidir (verməlidir).

Hüquqi şəxsə və fərdi sahibkara rəsmi məlumat göndərildikdən (verildikdən) sonra 15 gün ərzində bildirişdə göstərilən məlumatların verilməsinə etiraz edilməsi haqqında hüquqi şəxsin və fərdi sahibkarın ərizəsinə məhkəmədə baxılacağı barədə aidiyyatı məhkəmədən məlumat daxil olmadıqda, müvəkkil bank hüquqi şəxsin və fərdi sahibkarın hesabları və ya əməliyyatları barədə məlumatı vergi orqanına göndərir. Digər hallarda hüquqi şəxsin və fərdi sahibkarın hesabları və ya əməliyyatları barədə məlumatların verilməsinə yol verilmir.

Son xəbərlər
Digər xəbərlər