6 C
Baku
Monday, December 16, 2024

Bankomatlarda növbə problemi

Bildiyiniz kimi müəyyən günlərdə bankomatların qarşısında uzun növbə problemləri yaşanır. Xüsusilə də, pensiya verilən günlərdə vətəndaşlar növbələrdə xeyli vaxt itirməli olurlar. Bayram günlərində insanlar pul qıtlığı problemi ilə üzləşirlər. Çünki qeyri-iş günləri bankomatlar vaxtında pulla təmin edilmir və buna görə də pul çatışmır.  

Ekspert Samir Əliyev isə   bildirib ki, belə bir problemin 4 yaranma səbəbi var. Birinci səbəb bankomatların sayının kifayət qədər olmamasıdır. Mərkəzi Bankın məlumatına görə, fevralın 1-i tarixində Azərbaycanda ümumilikdə 2417 bankomat fəaliyyət göstərir. Hər bank orta hesabla 56 bankomata xidmət göstərir. Bu, ölkədə olan  şəhər və rayonların sayından da azdır. Ölkədə əhalinin hər 100 min nəfərinə 25 bankomat düşür. Bu göstəriciyə görə, Azərbaycan keçmiş SSRİ ölkələri arasında ancaq Orta Asiya ölkələrini qabaqlayır. Qırğızıstanda əhalinin hər 100 min nəfərinə 12, Tacikistanda 8, Özbəkistanda 5 bankomat xidmət göstərir.

İnkişaf etmiş ölkələrdə bu göstərici daha yüksəkdir. Belə ki, Kanadada əhalinin hər 100 min nəfərinə 208, Avstraliyada 167, İspaniyada 149, Yaponiyada 129, Fransada 110 bankomat ximət göstərir.

Bankomatların yüklənməsinin ikinci səbəbi pensiyaların və büdcədən verilən maaşlara ancaq 2 bankın xidmət göstərməsidir. Hazırda 3 milyona yaxın şəxs dövlət büdcəsindən müxtəlif təyinatlı ödəniş alır ki, bunların da təxminən 1,3 milyon nəfərini pensiyaçılar təşkil edir. Pensiyalarla yanaşı büdcə işçilərinin maaşları, sosial müavinətlər, təqaüdlər və s. debet kartları vasitəsilə alınır. Həmin kartlara isə yalnız 2 bank – Beynəlxalq Bank və Kapital Bank xidmət göstərir. 2 bankın sərəncamında olan bankomatların ümumi sayı 1167-dir. Deməli, bu halda 1 bankomatın öhdəsinə 2570 nəfər pensiyaçı və ya büdcə işçisi düşür. Bura bankların özəl müştərilərini də əlavə etsək vəziyyətin bə qədər kritik olduğunu görmək olar.

Üçüncü səbəb bayram günləri bankomatlara zəif xidmətin göstərilməsidir. Bir qayda olaraq uzunmüddətli bayram günlərində bankomatlarda pul qıtlığı müşahidə edilir. Çünki adi iş günlərindən fərqli olaraq bayram günləri bankomatlara pul yerləşdirilmir. Çünki bayram günləri bank sistemi işləmir.

Digər tərəfdən bayram günləri bankomatların pulla doldurulması prosesi banklara adi günlərlə müqayisədə daha çox xərcə salır. Hansısa bankomatın sıradan çıxması isə vəziyyəti daha da gərginləşdirir və digər bankomatların daha da yüklənməsinə rəvac verir.

Dördüncü səbəb əhalinin hələ də kartlardan nağdsız ödəniş vasitəsilə kimi istifadə etməməsidir. Hazırda ölkədə 5,8 milyon plastik kart mövcuddur. Bu kartların 4,8 milyon ədədi maaş, pensiya və sosial ödəniş kartlarının payına düşür. Kart sahiblərinin 85%-i nağdlaşdırma əməliyyatına üstünlük verir. Yəni onlar pulu nağdılaşdırmaq üçün bankomatlara üz tuturlar. Halbuki kommunal xidmətlərdən tutmuş adi internet xidmətinə qədər olan ödənişləri onlayn qaydada, bankomata gedib pul çixartmadan, əlavə vaxt itirmədən həyata keçirtmək olar.

Əlbəttə bütün bu səbəblər aradan qaldırıla biləndir. Bunun üçün isə bir sıra addımların atılması vacibdir. İlk öncə pensiya, maaş və sosial ödnəişlərin verilməsi 2 bankın inhisarından çıxarılmalı, digər bankların da bu xidmətə qoşulması təmin edilməlidir. İkinci şərt isə odur ki, nağdsiz ödənişlər inkişaf etdirilməlidir.

Bütün bunların həyata keçirilməsi üçün isə əhalinin maarifləndirilməsi vacib bir şərtdir.

Son xəbərlər
Digər xəbərlər