Banqladeş Milliyyətçi Partiyasının (BNP) rəhbərlik etdiyi alyans ölkədə keçirilən parlament seçkilərində böyük üstünlüklə qalib gəlib və səslərin sayına görə ən yaxın rəqiblərini bir yarım dəfədən çox üstələyib. “The Daily Star”ın məlumatına görə, partiya 300 mandatdan 212-ni qazanıb.
BNP-nin 60 yaşlı lideri Tarik Rahman 1981-ci ildə qətlə yetirilmiş prezident Ziaur Rahmanın və ölkə hökumətinə üç müddət rəhbərlik etmiş, 2025-ci ilin dekabrında vəfat etmiş Xaleda Ziyanın oğludur. O, fevralın 14-də vətəndaşları milli birliyə çağırıb. Fevralın 16-da onun Baş nazir kimi and içməsi planlaşdırılır.
Bu seçkilər 2024-cü ilin iyulunda Banqladeşdə baş vermiş kütləvi anti-hökumət etirazlarından sonra keçirilən ilk seçkilər olub. Həmin etirazlar nəticəsində Baş nazir Şeyx Hasina 20 illik hakimiyyətdən sonra istefa verib və daha sonra Hindistana qaçıb. Müvəqqəti hökumətin rəhbəri Məhəmməd Yunus onun ölkəyə qaytarılaraq Beynəlxalq Cinayət Tribunalına (ICT) təhvil verilməsini istədiyini bəyan edib. Onun sözlərinə görə, 2024-cü ilin yayında etirazların yatırılması zamanı təxminən 1,5 min nəfər həlak olub, 19,9 mindən çox insan isə yaralanıb.







