Banqladeşin sabiq Baş naziri və respublikanın Milli Partiyasının (BNP) sədri Xaleda Ziya 79 yaşında dünyasını dəyişib. Bu barədə onun partiyası sosial şəbəkələrdə məlumat yayıb. Daha əvvəl BNP sədrinin müavini Əhməd Azam Xan bildirmişdi ki, siyasətçi qaraciyər, böyrəklər və ürəklə bağlı uzunmüddətli ağırlaşmalar səbəbindən xəstəxanada kritik vəziyyətdədir.
“Xaleda Ziya bu gün səhər saat 6-da (Bakı vaxtı ilə 4:00) sübh namazından dərhal sonra vəfat edib”, — deyə partiyanın “Facebook”da yaydığı açıqlamada bildirilir.
1991–1996-cı illərdə Xaleda Ziya Banqladeşin ilk qadın hökumət başçısı olub. 2001-ci ildə yenidən hakimiyyətə qayıdaraq 2006-cı ilə qədər ölkəyə rəhbərlik edib. Vəzifədən getdikdən sonra o, korrupsiyada ittiham olunub.
2007-ci ildə Xaleda Ziya həbs edilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, bir il sonra girov qarşılığında azadlığa buraxılıb. 2018-ci ildə korrupsiya işi üzrə yenidən həbs cəzası alıb. 2024-cü ilin avqustunda isə hökumət əleyhinə etirazlardan sonra sabiq baş nazir azad edilib.








