Böyük Britaniyanın aparıcı banklarından biri olan “Barclays” 2025-ci ilin yekunlarına görə əməkdaşları üçün ümumi bonus fondunu 15% artıraraq 2,2 milyard funt sterlinqə (təxminən 3 milyard dollar) çatdırıb. Bu, bank üçün son beş ilin rekord göstəricisidir və 2025-ci ildə əldə olunan güclü maliyyə nəticələri ilə əlaqələndirilir. “Barclays”ın mənfəəti 2016-cı ildən bəri ən yüksək artım tempini göstərib.
Ötən il maliyyə əməliyyatlarında mühüm risklər daşıyan təxminən 1340 yüksək vəzifəli əməkdaş ümumilikdə 950 milyon funt sterlinqə (1,3 milyard dollar) yaxın bonus alıb. Bu məbləğ həm nağd, həm də səhmlər şəklində ödənilib. Bankda ümumilikdə təxminən 93 min ştatlı əməkdaş çalışır.
“Barclays”ın baş direktoru C. S. Venkatakrişnan 2025-ci ilin nəticələrinə görə 9,4 milyon funt sterlinq (12,8 milyon dollar) bonus alacaq ki, bu da əvvəlki illə müqayisədə 12% çoxdur. Bankın aşağı vəzifəli əməkdaşlarına isə 500 funt sterlinq (685 dollar) məbləğində əlavə ödəniş ediləcək.






