“Barclays” Brent markalı neftin 2025-ci il üçün qiymət proqnozunu 4 dollar azaldaraq 70 dollara, 2026-cı il üçün isə 62 dollar/barelə endirib. Bankın analitikləri bu qərarı artan ticarət gərginliyi və OPEC+ alyansının hasilat strategiyasının dəyişməsi fonunda qarşıdan gələn “çətin dövr” ilə izah ediblər.
Neft bazarının göstəriciləri 2025-ci ilin əvvəlində “gözləniləndən xeyli yaxşı” olsa da, hazırda bank bu il gündəlik 1 milyon barel, 2026-cı ildə isə 1,5 milyon barel profisit (tələbdən artıq təklif) proqnozlaşdırır.
Onun fikrincə, Çində artan istehlakın və sabitləşən əmlak bazarının tələbi yüksək saxlamasına baxmayaraq, daha geniş makroiqtisadi mənzərə pisləşir.
ABŞ-nin xam neft hasilatının 2025-ci ilin dördüncü rübündə əvvəlki artım təxminləri ilə müqayisədə sabit qalacağı gözlənilir, eyni zamanda OPEC-in hasilat proqnozu sutkada 240 barel artırılıb.
“Barclays” iki mümkün ssenari müəyyən edib:
– Ticarət gərginliyi azalarsa və OPEC+ mövqeyini yumşaldarsa, Brent markalı neftin qiyməti orta hesabla 75 dollar/barel ola bilər.
– Əgər tələb zəifləyərsə və OPEC+ hazırkı kursunu davam etdirərsə, uzun müddət ərzində neft 50 dollar səviyyəsini sınaqdan keçirə bilər.
“Nisbətən güclü əsaslara baxmayaraq, biz neft qiymətlərinin yaxın aylarda azalacağına inanırıq”, – “Barclays” analitikləri vurğulayırlar.