10 C
Baku
Friday, December 13, 2024

“Barselona”nın Messiyə €53 mln. əməkhaqqı borcu var

“Barselona” futbol klubunun Lionel Messiyə 53 milyon avro borcu var. Futbolçu Kataloniya klubunun keçmiş prezidenti Jozep Bartomeunun xahişi ilə məbləğin hissəli şəkildə ödənilməsinə razılıq verib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Borcun 2022-ci ilin sonuna qədər ödənilməsi gözlənilir.

Bildirilir ki, daha əvvəl klubun keçmiş prezidenti Jozep Bartomeu komandanın oyunçularından əməkhaqqının ixtisar edilməsi üçün razılıq vermələrini istəyib. Əvvəlcə oyunçuların bu təklifdən imtina etmələri barədə məlumat yayılıb, ancaq sonra onların müqavilələrinə yenidən baxmağa razı olduqları açıqlanıb.

Messi “Barselona”da ildə 75 milyon avro qazanıb. Futbolçunun klubla müqavilə iyunun sonunda başa çatıb. Tərəflər yeni müqavilə barədə razılığa gələ bilməyiblər, baxmayaraq ki, argentinalı idmançı əməkhaqqının iki dəfə azaldılması ilə razılaşıb.

“Brand Finance” konsaltinq şirkətinin hesablamalarına görə, Lionel Messinin gedişi ilə əlaqədar “Barselona” təxminən 137 milyon avro zərər çəkəcək, onlardan 77 milyon avro sponsor gəlirlərin, 43 milyon avro isə argentinalı idmançının simvollarını daşıyan malların satışı payına düşür.

Messi 17 il komandanın əsas heyətində olub. Daha əvvəl verilən məlumata görə, idmançı karyerası boyu 1 milyard dollardan çox pul qazanıb.

Son xəbərlər
Digər xəbərlər