Azərbaycanın əsas şirin su mənbəyi Kür və Araz çaylarıdır. Çayların suyunun azalması, Xəzərin səviyyə tərəddüdlərinə görə 10 kilometrlərlə geri getməsi, su ilə təminatda ciddi problemlərlə bağlı tədqiqat işləri aparılır. Sosial-iqtisadi və demoqrafik problemlər iki istiqamətlidir. Burada demoqrafik inkişafda olan və əhalinin ölkə üzrə məskunlaşması istiqamətində problemlər var.
– Ölkənin demoqrafik göstəricilərində qadınların sayı kişilərdən çox olsa da, son illər doğum hallarında oğlanların sayının artdığını görürük. Azərbaycanı demoqrafik fəlakətin astanasında hesab etmək olarmı?
– 2009-cu ildə Azərbaycanın 20 inzibati rayonunda artıq kişilərin sayı qadınları üstələmişdi. 2011-ci ildə kənd əhalisi üzrə kişilər qadınlardan çox idi. Hələ ki, ümumi əhali üzrə qadınların sayı üstündür. Maksimum 1-2 il ərzində kişilərin sayı çoxalacaq. Bu, bizim üçün ciddi demoqrafik problemdir. Doğulan oğlan uşaqlarının sayı kifayət qədər çoxdur. Bu, son 10-15 il ərzində özünü ciddi şəkildə göstərir. Problemin həll olunması lazımdır. Qadınlar hamiləliyin ilkin vaxtlarında uşağın cinsiyyətini yoxlayırlar, buna ciddi nəzarət olunmalıdır. Ərəb ölkələrinin əksəriyyətində kişilər əhali sayında üstündür, bu, əmək ehtiyatları ilə təminatda, demoqrafik inkişafda ciddi problemlər yaradır. Bu hal Çində özünü daha kəskin şəkildə göstərir. Orada bu kimi hallar qeyri-ənənəvi üsullarla həll olunur. Yaxın vaxtlarda demoqrafik problemlər özünü daha qabarıq göstərəcək.
– Daha çox hansı bölgələrdə doğum hallarında oğlanların sayı üstünlük təşkil edir?
– Uzun illər ərzində müşahidələr onu göstərir ki, 100 qız uşağına 105 oğlan uşağı doğulur. Əvvəl oğlan uşaqlarının say üstünlüyü təxminən 3000 nəfər idi, indi isə doğulan uşaqlarda oğlanların say üstünlüyü ildə 6000 nəfər olur. Bu, 10 ildə 30-40 min oğlan uşağı çox deməkdir. Bunu konkret olaraq bölgələrə bölmək olmaz. Ölkənin hər yerində bu hal müşahidə olunur.
– Sizcə, Bakının bu qədər yüklənməsi hansı problemlərə səbəb olacaq?
– Ölkə əhalisinin 30 faizindən çoxu Abşeronda məskunlaşıb. Bu, o deməkdir ki, rayonlarda əhalinin xüsusi çəkisi getdikcə azalır. Əhalini Abşerona yığmaq olmaz. Regionların inkişaf etdirilməsi ilə bağlı tədbirlər görülür, amma real nəticələr heç də ürəkaçan deyil. Regionlarda yeni iş yerlərinin açılması lazımdır. İlk növbədə kənd təsərrüfatının inkişafı üçün daha ciddi tədbirlər görülməlidir. Kənd təsərrüfatı ilə məşğul olan fermerlər məhsulun yalnız becərilməsi ilə məşğul olmalıdır. Son vaxtlarda tədarük məntəqələri yaradılıb, amma zəifdir. Məhsulu becərən adam onu satmaq haqqında fikirləşməməlidir. Rayonlarda tədarük məntəqələri, emal müəssisələri yaradılmalı və logistika sahəsində şəbəkələrin sayı artırılmalıdır. Regionlarda əhalinin yaşaması, sosial şəraitin yaxşılaşdırılması istiqamətində daha ciddi addımlar atmaq lazımdır. Ölkənin ümumi sənaye məhsul istehsalının neft sənayesi də nəzərə alınmaqla 80-90 faizə qədəri Abşeronun payına düşür. Abşeron kənd təsərrüfatı ilə məşğul olmaq üçün zəifdir. Kənd təsərrüfatının ümumi daxili məhsulda payı cəmi 5-6 faiz, amma məşğulluqda payı 40 faizdir. Kənd təsərrüfatının əsas problemlərindən biri məhsuldarlığın, satılan məhsulların qiymətinin aşağı olmasıdır. Məsələn, rayonlarda becərilən məhsulu 1 manata alıb, Bakıda 5 manata satırlar. Bazarda satılan kənd təsərrüfatı məhsullarının qiyməti ilə onu becərənin satdığı qiymət arasında çox ciddi fərq var. Belə çıxır ki, kənd təsərrüfatında gəlirin çox hissəsini aralıq mərhələdə olanlar əldə edir, amma məhsulu becərənin gəlirləri azdır. Ölkənin ümumi əhalisi üzrə kənd təsərrüfatından əldə olunan gəlirlər cəmi 16 faizdir, bu, çox aşağı göstəricidir. Yəni, kənd təsərrüfatı ilə məşğul olmaqla ailəni saxlamaq məsələsi problemdir. Həmin şəxsin başqa yerdən gəliri olmalıdır, amma kənd yerlərində bu məsələ problemdir. Qısası odur ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması, yeni heyvan cinslərinin, bitki toxumlarının alınması üçün tədbirlər daha ciddi şəkildə görülməlidir.
– Bütün dünyada olduğu kimi Azərbaycanda da su ehtiyatları ildən-ilə azalır. İnstitutun bununla bağlı son araşdırmaları nə göstərir? Problemin həlli üçün hansısa çıxış yolu varmı?
– Əslində Azərbaycanın suyu azdır və ya çatmır demək olmaz. Sudan istifadədə problemlər var. Suyun istifadə olunmasına nəzarət bir təşkilatda cəmlənməlidir. Necə olur ki, indiyə kimi su çatırdı, amma bir ildə çatmadı? Kürə biz dərya kimi baxırdıq, çayın qurumasına adam heç inanmaq istəmir. Sudan istifadəyə nəzarət gücləndirilməlidir. Dünyanın heç bir yerində artıq açıq suvarma yoxdur. Mütərəqqi üsullar – damcı, çiləmə üsulları var. Bizdə bu üsullardan istifadə üzrə avadanlıqların istehsalı üçün çoxdan müəssisə yaradılmalı idi. İsrailin demək olar ki, şirin su mənbəyi yoxdur, amma orada su problemi yoxdur. Su ehtiyatlarının hesablanması sonuncu dəfə 1980-ci illərdə həyata keçirilib. Ondan sonra temperatur artıb, iqlim dəyişikliyi olub. Biz Nazirlər Kabinetinə müraciət də etmişik ki, müvafiq strukturlar, ilk növbədə ETSN ilə Azərbaycanda mövcud su ehtiyatlarının öyrənilməsi üçün komissiya yaransın, yəni su ehtiyatları yenidən qiymətləndirilsin. Yəqin ki, baxıb müsbət cavab verəcəklər.
– Kürün deltasında son durum necədir? Yaranmış problem istiqamətində hansı işlər görülməlidir?
– Mən də bir neçə dəfə iclaslarda iştirak etmişəm. Qeyd olunub ki, Kürün qarşısını kəsmək lazımdır ki, gələn su Xəzər dənizi ilə qarışmasın. Mingəçevir su anbarından keçəndən sonra Kürün müəyyən hissəsində xüsusən yay aylarında, suvarma dövründə sudan istifadəyə nəzarəti gücləndirmək lazımdır. Nəzarət gücləndirilsə, Kürün suyu kifayət qədərdir. Əkin sahələri artırılmayıb, əhalinin sayı da ciddi şəkildə artmayıb. Düzdür, kənd əhalisinin sayı artır, amma o dərəcədə artmayıb ki, bir-iki il ərzində Kürün suyu quruya. Nəzarət gücləndirilsə, Azərbaycanda su problemi yoxdur. Azərbaycanın Aran rayonları və Naxçıvan Muxtar Respublikasının Şərur-Ordubad düzənliyində, ümumiyyətlə, düzənlik ərazilərin hamısında yayda suya tələbat var və suvarma olmadan əkinçilik mümkün deyil. Yuxarı Şirvan kanalının uzadılması çoxdan vacib olan tələblərdən biridir. Kiçik Qafqazın çox zəngin yeraltı su ehtiyatları var, onlardan heç danışılmır. Yalnız yerli məqsədlər üçün istifadə olunur, ətraf rayonlar üçün də bir az istifadəsi mümkündür. Sadəcə onların yenidən qiymətləndirilməsi günün vacib tələbidir.
Kürdəki problemi deltada axtarmaq lazım deyil, problemi çayın Azərbaycana keçən hissəsində həll etmək lazımdır. Kürün üzərində 4, Arazın da üzərində bir neçə su anbarı var. Su anbarları doldurulmalı və Xəzərə buraxılan su nizamlanmalıdır. Qış aylarında bu anbarlara su yığılıb, yayda istifadə olunmalıdır.
Araz üzərində Araz, Xudafərin, Mil-Muğan və Bəhramtəpə su anbarları var və hazırda Ordubad su anbarı da tikilir. Xudafərin su anbarı kifayət qədər böyükdür. İran ərazisi üçün oradan suvarma kanalı çəkilib, bizim üçün şlüz qoyulub. Bu məsələni tezliklə həll etmək lazımdır. Anbar o demək deyil ki, çayın qarşısını kəssin, çayın suyu ora dolsun. Su çox gələndə yığılıb, az olanda istifadə edilməlidir. İndi yağış və qar mövsümüdür, amma bizdə demək olar ki, dağlarda iqlim normasına uyğun yağış yağmır, qar ümumiyyətlə yoxdur. Sinoptiklər deyirlər qar yağacaq, amma qar yağması çayların qidalanması üçün kifayət deyil, daha çox olmalıdır. Oturub gözləyə bilmərik ki, nə vaxt qar yağacaq və bizim çaylara su gələcək. İdarəolunmanı təkmilləşdirmək lazımdır. Bəs, səhra ölkələri necə yaşayır? Afrikanın şimalında, Ərəbistanda, Mərkəzi Asiyada demək olar çay yoxdur. Səudiyyə Ərəbistanı ildə 7 milyon ton taxıl satır. Onlar çiləmə üsulundan istifadə edir, bəs onlar su problemini necə həll edir? Azərbaycanın bu qədər su mənbələri var, amma biz deyirik su yoxdur. Suyumuz var, amma istifadəyə nəzarət yoxdur.
– Yeni su anbarlarının tikilməsinə ehtiyac varmı?
– Yeni su anbarlarının tikilməsi problemi həll etmir. Əksinə, çaylarda su sərfi getdikcə azalır. Anbarlardan səmərəli istifadə etmək lazımdır. Məsələn, Kürün üzərində iki yeni su anbarı da tikək, amma bu Neftçala rayonunda su problemini həll etməyəcək. Kifayət qədər su anbarı var. Onların gücündən səmərəli istifadə olunsa, problemi həll etmək mümkündür.
– İnstitut tərəfindən Xəzər dənizinin son vəziyyəti araşdırılıbmı? Hazırda Xəzər dənizinin vəziyyətini necə qiymətləndirmək olar?
– Xəzərin səviyyəsi son vaxtlar təxminən 2 metrdən çox düşüb. Son 10-15 il ərzində düşməkdə davam edir. Dövrü olaraq, Xəzərin səviyyəsi düşüb, qalxa bilər. Əgər Kür çayının suyu quruyursa, Xəzər dənizinə su gətirmirsə, Xəzərin səviyyəsi enməlidir. Xəzərə suyun çox hissəsini Volqa çayı gətirir. Amma Rusiyanın təsərrüfatı böyüyür, ümumi təsərrüfat sisteminin böyük hissəsi orada yerləşir. Güman ki, yaxın vaxtlarda Xəzərin səviyyəsi enməkdə davam edəcək. Bizdə bu işlə məşğul olan şöbənin dediklərindən nəticə çıxarmaq olar ki, dənizin səviyyəsi 2 metr də düşə bilər. Bu, Xəzərin liman təsərrüfatı üçün çox ciddi ziyandır. Xəzərin səviyyəsi düşür, sahil uzaqlaşır, həmin əraziləri mənimsəyirik, sonra Xəzərin səviyyəsi dövrü olaraq qalxanda bizim üçün problem yaradır. Sonra deyirik ki, kəndlər su altında qaldı, nə bilim, dəmir yoluna ziyan dəydi. Xəzərin sahillərinin mənimsənilməsi zamanı səviyyə dəyişməsi mütləq nəzərə alınmalıdır. Doğrudur, müəyyən proqnozlar verilir, amma 10 ildən sonra havanın necə olacağı proqnozunun doğru çıxması çox aşağıdır. Meteoroloqların verdiyi məlumata görə, 2025-ci ilə qədər istiləşmə olacaq. Ondan sonra havalar soyusa, yağıntıların miqdarı artsa, buxarlanma azalsa, Xəzər dənizinin səviyyəsi arta bilər. Xəzərin dövrü olaraq dəyişməsi mütləq nəzərə alınmalıdır. Suyun dərinliyinin azalması liman təsərrüfatımız üçün problemdir. Bildiyimə görə, Şıx çimərliyi ərazisində yeni liman tikilməsi planlaşdırılır. Ora tamamilə dayaz ərazidir. Doğrudur qazırlar, amma suyun səviyyəsinin 2 metr düşməsi dərinliyin 2 metr azalması deməkdir, bu da ciddi problemdir.
– Coğrafiya İnstitutu olaraq Qarabağda hər hansı araşdırmalar aparılırmı? Tərəfinizdən aidiyyəti qurumlara hər hansı layihə təqdim olunacaqmı? Hazırda bu istiqamətdə iş gedirmi?
– Yaxın vaxtlarda “Qarabağın coğrafiyası” monoqrafiyası işıq üzü görəcək. Monoqrafiya İnstitut tərəfindən hazırlanıb. Qarabağın təbii şəraiti, təbii ehtiyatları, iqtisadi potensialı monoqrafiyada yer alıb. Qarabağın inkişafını, sosial-iqtisadi potensialını yenidən qiymətləndirmişik. Qarabağın dirçəldilməsi Azərbaycanın iqtisadiyyatı üçün böyük təkan verə bilər. Oradakı bütün kəndləri bərpa edə bilmərik. Bunun üçün uzun müddət lazımdır. Əsasən rayon mərkəzlərində işlərə başlanılıb. Bizə nəqliyyat və daşınma cəhətdən ən yaxın olan Ağdam şəhəridir. Ağdam rayonunun əhalisini ən azı 200-300 min nəfərə qədər qaldırmaq mümkündür. Çünki düzən ərazidir, əlverişli coğrafi, strateji mövqedə yerləşir. Dövlətin ümumi layihəsinə görə, şəhərin özündə 70-100 minə qədər, ətraf ərazilərdə də 70 min əhalinin məskunlaşma planları hazırlanır. Kəndin bərpası odur ki, ora işıq, yol çəkilməli, su problemi həll olunmalı, məktəblər tikilməli, sosial xidmətlər göstərilməlidir. Bu, illərlə vaxt tələb edən məsələdir.
Ölkənin kənd əhalisinin sayı ayrı ayrı-rayonlarda 60-70 faizə qədərdir. Amma artıq kəndlərdə də təbii artım aşağı səviyyədədir. Azərbaycanda olan ailələrin 70-80 faizində iki uşaq var. İki uşaq əhalinin sayının artımını təmin edəcək səviyyədə deyil. Təbii artımın gücləndirilməsi üçün dövlət demoqrafik siyasət aparmalıdır. Uşaq pulu verilməsi, müəyyən güzəştlərin olması, analara müavinət verilməsi, onların iş yerləri ilə təminatında güzəşt mütləq lazımdır. Bizdə neçə ildir uşaq pulu verilməsi müzakirə olunur. Bir neçə dəfə demişəm ki, bu, müzakirə mövzusu deyil. Birmənalı olaraq uşaq pulu verilməlidir. Uşaq pulu olmasa, demoqrafiyanın mənfi nəticəsi özünü göstərir, bu, getdikcə daha ciddi şəkildə olacaq. Hazırda Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900 min nəfərdir. Yeni bölgüdə Bərdə və Ağcabədi də bura daxil olub. Qarabağ, demək olar ki, əhalisinin sayına görə Bakıdan sonra 3-cü yeri tutur. Son iki ilin vəziyyəti göstərir ki, əhalinin sayının artımı ciddi olmayacaq. Keçən il respublikanın bütün kəndləri üzrə əhalinin sayı cəmi 5 min artıb, bu, heç bir kəndin əhalisi deyil. Normal inkişaf gedəndə hər il əhalinin sayı 60-70 min artırdı. Məşğulluq, sosial təminatda problem olduğuna görə kəndlərdən miqrasiyalar kifayət qədər yüksəkdir. Təəssüf ki, kəndlərdən nə qədər adamın köçdüyünün rəsmi məlumatı verilmir. Mövcud artım tempi göstərir ki, yaxın vaxtlarda kəndlərimizdə əhalinin sayında ciddi problem olacağını gözləmək olar. Qarabağ ölkənin əsas kənd təsərrüfatı bazalarından biri idi. Dünyada kənd təsərrüfatının inkişaf istiqamətində ərazinin təbii şəraiti, iqlimi öyrənilir. Hər yerdə bütün məhsulların əkilməsi mütləq deyil. Bizdə fermer nə istəyir əkir, bir il taxıl, növbəti il soğan, sonra qarpız. Belə olmamalıdır. Mövcud şərait hansı məhsulun becərilməsi üçün daha əlverişlidir, hansı sahədə daha çox gəlir götürmək olarsa, mənimsəmə bu istiqamətdə aparılmalıdır. Dünyanın əksər inkişaf etmiş ölkələrində kim nə istəyir əkir məsələsi yoxdur. Dövlət planlaşdırır ki, növbəti il nə qədər taxıl, üzüm, pambıq və s. lazımdır, bunu region və təsərrüfatlar üzrə bölüşdürür. Bizdə artıq buna keçmək lazımdır. Qarabağ da bu işlərin görülməsi üçün fürsətdir. İlk növbədə Qarabağın kənd təsərrüfatını bərpa etmək lazımdır. Kənd təsərrüfatı əhali üçün iş yeri, gəlir, sənaye üçün xammal mənbəyi deməkdir. Digər şəhərlərin inkişafı üçün iqtisadi bazadır. Kənd təsərrüfatının inkişafı üçün torpaqlar minalardan təmizlənməlidir. Bu, ciddi problemdir. Bunun üçün isə ən az 2-3 il, bəlkə də 5 il gözləmək lazımdır. Amma təmizlənmiş ərazilərdən istifadə olunması üçün artıq ilkin işlərə başlamaq olar.
– Ölkədə tibbi coğrafiyanın inkişafı üçün hansı işlər görülməlidir?
– 2016-cı ildə Coğrafiya İnstitutunda Tibbi coğrafiya şöbəsi yaratmışıq, mən də bir neçə il həmin şöbənin müdiri idim. Tibbi coğrafi şəraiti mövcud xəstəliklə əlaqədar heç də müsbət qiymətləndirmək olmaz. İlk növbədə xəstəliklərin səbəbləri var, təhlil edəndə həyəcan siqnalı çalınacaq ciddi nəticələr ortaya çıxır. Azərbaycanda ölüm səbəblərinə görə birinci yeri ürək-damar xəstəlikləri tutur, xərçəng xəstəliyi isə ikinci yerdədir. Bizdə xərçəng xəstələrin sayı 35 min nəfərdən çoxdur və bu say çox sürətlə artır. Bu xəstəlikdən ölənlərin sayı isə 7 min nəfərdən yuxarıdır. Ürək-damar xəstəliklərindən ölüm dünyada da belədir. Amma xərçəng xəstəliyinin müalicəsi üçün ilkin mərhələdə müayinə olunması lazımdır. Dünyanın əksər inkişaf etmiş ölkələrində hər bir vətəndaşın ildə bir dəfə tibbi müayinədən keçmə təcrübəsi var. Xəstəliyin qabaqcadan bilinməsi onun müalicəsinin ilkin şərtidir. Məsələn, Fransada vətəndaşlara xüsusi kart verilir, orada müəyyən qədər vəsait olur. Həmin şəxs müayinədən keçəndə bu məbləğ xəstəxananın hesabına keçir. O pulu kartdan çıxarıb xərcləyə bilməzsən. Yəni, dövlət vətəndaşın tibbi müayinədən keçməsi üçün xüsusi vəsait ayırır. Bu, əhalinin sağlamlığının qorunması üçün bir nömrəli vəzifələrdəndir. Azərbaycanda da bu məsələyə baxılması vacibdir.
– Ölkədəki sürüşmə ərazilərində vəziyyət necədir? Yeni sürüşmə sahələri meydana gəlibmi?
– Sürüşmənin əsas səbəbi yağış yağmasıdır. Demək olar ki, yağıntı yoxdur. Ona görə də bu payız mövsümündə ölkədə sürüşmə qeydə alınmayıb. İntensiv yağış yağanda və ərazilər düzgün mənimsənilməyəndə sürüşmə aktivləşir. Bakı yamac zonasıdır, tikinti işlərinin aparılması sürüşməyə səbəb olur. Yağıntı olmadığına görə Bakıda, həmçinin rayonlarda sürüşmə yoxdur. Yeni sürüşmə zonaları da əmələ gəlməyib. Uzun müddət güclü leysan yağanda ərazilər fəallaşır.
– Respublikada daha bir neçə ali təhsil müəssisəsinin yaradılmasının zəruriliyini qeyd etmisiniz. Bu zərurət nə ilə bağlıdır?
– Bizdə əhalinin hər 10 000 nəfərinə görə təhsilalanların sayı 199 nəfərdir. Bu say Qırğızıstan və Qazaxıstanda 350 nəfərə yaxındır. Qırğızıstanın iqtisadi potensialı bizdən xeyli aşağıdır. Bizdə 200 minə yaxın tələbə var, amma bu, ölkə üçün azdır. Məsələn, bizdə müəyyən sahələrdə baytar, aqronom demək olar ki, istifadə olunmur. Niyə olmamalıdır? 600 min hektar əkin sahəmiz var. Əvvəllər aqronomiya fakültəsi var idi. Bizim rayonlarda ayrı sahələr üzrə ixtisaslaşmış həkimlər yox dərəcəsindədir.
Ucqar dağ kəndlərində orta məktəblərin müəllimlə təminatında da ciddi problem var. Son vaxtlar özəl universitetlərdə müəllimlərlə təminat 3-5 dəfə azalıb. Özəl universitetlərin kadr potensialı yoxdur. Bu, ilk növbədə əməkhaqqı ilə bağlıdır. Elmlər doktoru, professor 500-600 manat maaş alırsa, o, başqa işdə işləyir. Təhsilə və elmə ayrılan xərcə yenidən baxmaq lazımdır. Bizdə dövlət proqramı var idi. Təxminən 7 min tələbənin xarici ölkələrə oxumaq üçün göndərilməsi nəzərdə tutulurdu. Qazaxıstan isə xaricdə bir ildə 8 min nəfər tələbə oxutdurur. Müqayisə etdikdə əhalinin sayı bizdən iki dəfə çoxdur. Bizim 10 ilə oxutdurduğumuzu Qazaxıstan 1 ilə oxutdurur. Nəzərə almaq lazımdır ki, xaricə oxumağa gedən tələbələrin əksəriyyəti ölkəyə qayıtmır. Öhdəlik olmalıdır ki, gedən tələbələr mütləq geri qayıtsın. Universitetlərdə kadr hazırlığı məsələsi də ayrı problemdir. Bu məsələyə də yenidən baxılmalıdır. Məsələn, iyun ayında dövlət diplom verir ki, sən müəllimsən, bir aydan sonra deyir ki, imtahan ver görək müəllim kimi fəaliyyət göstərə biləcəksənmi? Belə çıxır ki, dövlət verdiyi diplomuna inanmır.
– Təhsialanların sayının az olmasına təsir göstərən əsas faktorlar nələrdir və hansı bölgələrdə təhsilalanların sayı daha azdır? Təhsilalanlarla nisbətdə müəllimlərin sayını qənaətbəxş hesab etmək olarmı?
– Təhsilalanların sayının digər ölkələrə nisbətdə az olmasının əsas faktorlarından biri ödənişli təhsilin olmasıdır. Burada ali təhsil aldıqdan sonra iş təminatı məsələsinin də rolu var. Koreyada orta məktəbi bitirənlərin 80 faizi ali təhsil alır. Onlar düşünür ki, mənim ali təhsilim olmasa, gələcəyim yoxdur. Bizim gənclər düşünür ki, institutu bitirdim, diplom aldım, sonra nə olacaq, amma bunu düşünməməlidirlər. Kadrların hazırlıq səviyyəsinin aşağı olması bizim üçün də problem yaradır. Məsələn, bu il doktoranturaya 6 yer boş qaldı, sənəd verən olmadı. Rayonlarda, xüsusən də ucqar kəndlərdə müəllimlə təminatda problem kifayət qədər çoxdur. Mövcud qanunvericiliyə görə, hansısa dağ kəndində işləyən müəllimə hər ay 50 manat pul verirlər. Bu məbləğ hansı problemi həll edir? Problemin həlli üçün müəyyən sosial güzəştlər olmalı, sosial həyat şəraiti yaradılmalıdır.