Baş infeksionist: “Yaxın aylarda Azərbaycanda yoluxma arta bilər”

Yaxın zamanlarda ölkədə mərhələli şəkildə karantin qaydalarında edilən yumşaldılmalar heç də COVID-19 təhlükəsinin sovuşması deyil. Azərbaycanda yoluxma sayında azalma müşahidə edilsə də, bir çox xarici ölkələrdə vəziyyət ürəkaçan deyil. Belə ki, artan yoluxma sayı həmin ölkələrin yenidən sərt karantin qaydalarına qayıdacağına zəmin yaradır. İnsanları bir sual düşündürür: Xarici ölkələrdəki bu vəziyyət Azərbaycana necə təsir edəcək? Hazırda mövcud olan azalma tendensiyası artımla müşahidə edilə bilərmi?

Məsələ ilə bağlı müsahibə verən TƏBİB rəsmisi, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov xarici ölkələrdə yoluxma hallarının Azərbaycana da təsir edə biləcəyini vurğulayıb. Buna görə də T.Eyvazov insanlara vaxtında peyvənd olunmağı tövsiyə edir:

“Hazırda bəzi ölkələrdə yoluxma hallarındakı artım bir tərəfdən orada yaşayan insanların karantin – qoruyucu tədbirlərə etinasız yanaşması, digər tərəfdən isə həmin ölkələrdə vaksinasiyanın digərləri ilə müqayisədə daha az əhali kütləsini əhatə etməsidir.

Hazırda virusun yeni xüsusiyyətlərə malik, daha çevik yayılma qabiliyyəti olan mutant variantları meydana gələrək dünyanı fəth etməkdədir.

Bu yeni ştamların insanların əvvəllər xəstələnərək təbii, peyvənd olunaraq süni şəkildə əldə etdiyi immunitetdən müəyyən qədər yayınma qabiliyyətinin də olduğu, infeksiyadan qoruyuculuğun daha yüksək səviyyəli anticisimlərlə təmin edilə bilməsi haqqında fikirlər formalaşmaqdadır.

Eyni zamanda infeksiyanın payız-qış mövsümündə təbii artımı istisna deyil. Bütün bu faktorları nəzərə alsaq, Azərbaycanda da yaxın gələcəkdə yoluxma hallarında artımın ola biləcəyi istisna edilmir.

Buna görə arxayınlaşmayaraq bütün qaydalara düzgün əməl etmək və vaksinasiya prosesində fəal iştirak etməklə belə vəziyyətlərdən özümüzü müəyyən qədər sığortalaya bilərik”.

Qeyd edək ki, hazırda Gürcüstan, Rusiya, Ukrayna, İtaliya, Portuqaliya kimi ölkələrdə yoluxma təhlükəli həddədir. Qonşu Gürcüstanda vaksinasiya olunanların sayı olduqca azdır.

Turistlərə görə sərhədlərin açılması əhalinin vəziyyətini daha da ağırlaşdırıb və yoluxma hallarında artım müşahidə edilir.

Ukrayna isə virusdan ölüm hallarının sayına görə Avropada birinci ölkədir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.