14 C
Baku
Saturday, April 27, 2024

Baş mühasib nəyə cavabdehdir?

Baş mühasib vəzifəsi çox cəlbedicidir – yüksək mövqe, yaxşı əməkhaqqı. Lakin o, çox böyük məsuliyyəti də özündə ehtiva edir. Bu məsuliyyət o qədər ciddidir ki, bəzi mütəxəssislər özlərini oxşar məsuliyyətlə yükləməmək üçün bilərəkdən vəzifələrinin yüksəlməsini istəmirlər. Gəlin aydınlaşdıraq ki, baş mühasib nəyə görə cavabdehlik daşıyır?

Baş mühasibin öhdəlikləri:

Baş mühasibin məsuliyyəti birbaşa olaraq , onun vəzifə öhdəliklərindən asılıdır. Məhz baş mühasib müəssisədə uçot siyasətini formalaşdırır, uçot informasiya məlumatlarının toplanmasını təşkil və idarə edir, mühasibat və vergi uçotunun qeydiyyatı, müəssisənin aktiv və öhdəliklərinin, eləcə də onun fəaliyyətinin maliyyə nəticələrinin uçotu ilə məşğul olur. O, mühasibat uçotunun mühasibat, vergi, idarəetmə və statistik uçotun tələblərinə uyğun olub-olmadığını yoxlayır.

Baş mühasibdən bütün təsərrüfat əməliyyatları, maliyyə nəticələrinin formalaşdırılması, öhdəliklərin həyata keçirilməsi və aktivlərin hərəkətinin dəqiq və vaxtlı-vaxtında hesablarda əks olunması tələb olunur. Onlar həmçinin ilkin sənədlərin tərtibatının keyfiyyətinə və sırasına nəzarəti həyata keçirirlər.

Baş mühasib mühasibat şöbəsinin işinə başçılıq edir, kiçik firmalarda isə həm rəhbər, həm də icraedici tərəf kimi bütün bu işləri birbaşa baş mühasib həyata keçirir. O, vergilərin və istənilən səviyyəli büdcə yığımlarının vaxtında hesablanması, borcların ödənilməsi, kassa və maliyyə intizamına riayət olunması, nəzarətedici orqanlarla qarşılıqlı əlaqə qurulması, lazımi hesabatların hazırlanması və onların vaxtında təqdim olunmasına cavabdehlik daşıyır. Eləcə də, mühasibat sənədlərinin saxlanılması onun məsuliyyətindədir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, baş mühasibin işi kifayət qədərdir. Bütün bu öhdəliklərin yerinə yetirilməməsi, onun üçün çox ciddi problemlər yarada bilər.

Baş mühasibin məsuliyyəti

Bu cür çətin vəzifənin işləri bir sıra məsuliyyətlərlə bağlıdır. Baş mühasib tərəfindən öhdəliklərin keyfiyyətsiz icrası və ya ümumiyyətlə yerinə yetirilməməsi hallarında inzibati məsuliyyət yaranır. Məsələn, əməkdaş işə gəlmədiyi və vaxtında hesabat paketini təqdim etmədiyi hallar. Baş mühasib birbaşa olaraq müəssisənin rəhbərinə tabe olduğuna görə yalnız rəhbər ona töhmət verə bilər. Həmçinin işə götürən, hökumət tərəfindən təsbit edilmiş qanun çərçivəsində, müəssisənin nizamnaməsi, intizam barəsində əsasnamə və digər normativlər aktlar əsasında hərəkət etməlidir. Baş mühasib bir neçə dəfə inzibati məsuliyyətə cəlb edildikdə müəssisənin rəhbəri tərəfindən əmək müqaviləsinə xitam verilə bilər.

Maddi məsuliyyətin mahiyyəti birbaşa dəymiş zərərin ödənilməsindən ibarətdir. Birbaşa zərər kimi müəssisənin nağd vəsaitlərin real olaraq azalması və ya əmlakın keyfiyyətinin aşağı düşməsi qəbul olunur. Qanunvericilik baş mühasibin dəymiş zərəri ödəməli olduğu bir neçə halları müəyyənləşdirir. Bu hallara qiymətli əşyaların çatışmaması, cinayət məqsədilə qəsdən və ya sərxoş vəziyyətdə ziyanın vurulması, kommersiya sirrinin yayılması və əmək öhdəliklərinin icrası zamanı baş vermiş digər zərərlər aid edilir.

Təşkilatın baş mühasib də daxil olmaqla vəzifəli şəxsləri, vergi qanunvericiliyinin pozulmasına görə istintaqa cəlb oluna bilərlər. Vergi qanunvericiliyinin pozulması halında baş mühasib öhdəliyindən asılı olaraq, inzibati və ya maddi məsuliyyətə cəlb oluna bilər.

Əgər vəzifəli şəxs tərəfindən inzibati qanun pozuntusu həyata keçirilibsə, onda o inzibati məsuliyyətə cəlb olunur. Bu tip qanun pozuntuları əsasən öhdəliklərin yarımçıq və tamamilə yerinə yetirilməməsi ilə bağlıdır. Əgər baş mühasibin işlədiyi şirkət vergi qanunvericiliyi pozuntusuna görə məsuliyyətə cəlb olunubsa, onda baş mühasibin özü də inzibati məsuliyyətə cəlb oluna bilər.

Baş mühasib yalnız günahı sübuta yetirildikdə inzibati məsuliyyət daşıyır. Əgər günah rəhbərdədirsə, onda o cəzalandırılır. Buna görə də hər hansı bir təsərrüfat əməliyyatının həyata keçirilməsi ilə bağlı baş mühasib və direktor arasında fikir ayrılığı yarandığı zaman, yaxşısı budur ki, baş mühasib direktordan bütün məsuliyyəti öz üzərinə götürdüyü barədə yazılı sərəncam alsın.

İqtisadi sahədə cinayət, cinayət məsuliyyətinə cəlb olunmağa səbəb ola bilər. Bu, baş mühasibin israfçılıq, mənimsəmə, şirkətin müflisləşməsi zamanı qanunsuz hərəkət, öz səlahiyyətlərindən sui-istifadə, xüsusi ağır vergi cinayətləri və gömrük rüsumunu ödəməkdən yayınma hallarında günahı təsdiq olunduqda həyata keçirilir.

Baş mühasib inzibati cərimə ödəyə bilər, ona islahedici işlər təhkim oluna bilər, onu azadlıqdan məhrum edə və ya vəzifədən uzaqlaşdıra bilərlər. Savadlı mütəxəssis işində “istənilən təsərrüfat fəaliyyəti sənədlərin düzgün şəkildə tərtib olunması ilə təsdiq olunmalıdır” şüarını rəhbər tutaraq bütün bunlardan uzaq ola bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər