Baş nazir Artur Rasi-zadə “Büdcə sistemi haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2002-ci il 31 oktyabr tarixli fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycan Respublikasının 2019-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan prezidentinə vaxtında təqdim edilməsi məqsədilə sərəncam imzalayıb.
Sərəncama əsasən, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2018-ci il sentyabrın 15-dək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2018-ci il sentyabrın 10-dək, həmçinin həmin Qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Dövlət Statistika Komitəsi (DSK) cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədi ilə 2017-ci ilin ilkin statistik məlumatlarını 2018-ci il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir.
DSK, həmçinin növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin, icmal büdcə göstəricilərinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər nazirliklərinə və digər əlaqədar təşkilatlara mütəmadi olaraq təqdim edilməsini təmin etməlidir.
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə 2018-ci il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2018-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Maliyyə Nazirliyi 2019-cu il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2018-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2018-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2018-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2018-ci il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi 2018-ci il dəqiqləşdirilmiş, 2019-cu il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2019-cu il üçün ilkin proqnozlarını 2018-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət investisiya proqramının layihəsini 2018-ci il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi eləcə də, 2019-cu il və sonrakı üç il üçün ÜDM-in həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2018-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2018-ci il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.
Nazirlik həmçinin 2019-cu il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial proqnoz göstəricilərinin koordinasiyalı şəkildə hazırlanması məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq komissiyanın tərkibinə dair təkliflərini bir ay müddətinə Nazirlər Kabinetinə təqdim etməlidir.
Vergilər Nazirliyinin regional və yerli bölmələri Vergilər Nazirliyinin və Maliyyə Nazirliyinin razılaşdırdığı formalara və cari il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2018-ci il iyunun 1-dək Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etməlidirlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təlimat məktubuna uyğun olaraq lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2018-ci il iyulun 15-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.
NMR-in Nazirlər Kabineti, dövlət büdcəsindən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin yerli icra hakimiyyətləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ilə birlikdə qanunvericiliklə müdafiə olunan xərclər istisna olmaqla digər xərclər üzrə qənaət rejimi gözlənilməklə növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini hazırlayıb (hər bir Dövlət Proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2018-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısa və ortamüddətli dövrdə hədəfləri, habelə investisiya layihələrinin həmin hədəflərə uyğun əsas istiqamətlərini özündə aydın şəkildə ehtiva edən dövlət maliyyə resurslarının nəticəəsaslı bölgüsünü (sektorlar arası və sektor daxilində), nəticələrə görə məsuliyyət nəzərdə tutan daha təkmil ortamüddətli xərclər çərçivəsinin və nəticəəsaslı büdcə mexanizminin formalaşdırılmasına dair təkliflərini hazılayıb 2018-ci il mart ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət Proqramı üzrə xərclərin və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələb olunan vəsaitin məbləği ayrıca göstərilməklə) və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini 2018-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Onlar həmçinin dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2018-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2018-ci il iyulun 1-dək İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Avtomobil Yolları Dövlət Agentliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu”nun, növbəti büdcə ili və gələn üç il üçün büdcə layihəsinin ilkin variantını 2018-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2018-ci il iyulun 1-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.
Əmlak Məsələləri Dövlət Komitəsi 2019-cu il dövlət büdcəsinin layihəsində özəlləşdirilməsi nəzərdə tutulacaq dövlət əmlakının siyahısını və ehtimal edilən daxilolmaların proqnoz göstəricilərini “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 may tarixli 894 nömrəli Fərmanına müvafiq olaraq 2018-ci il iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.
Dövlət Neft Şirkəti, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərkosmos” ASC, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar (“Aztelekom” MMC, “Azərpoçt” MMC və “Bakı Telefon Rabitəsi” MMC) növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini 2018-ci il avqustun 1-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiyanın Katibliyinə, 2018-ci il 01 iyul tarixinə mövcud daxili və xarici borcları, habelə 2019-cu ildə nəzərdə tutulan borcalmanın ümumi məbləğləri (aparılacaq borcalmanın valyuta və layihələr üzrə bölgüsü göstərilməklə) barədə məlumatları cari ilin iyulun 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.
Sərəncama əsasən, bələdiyyələrə tövsiyə edilib ki, dövlət büdcəsindən yerli büdcələrə maliyyə yardımı (dotasiya) və subvensiya ayrılması ilə bağlı təkliflərini martın 15-dək və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.14-cü maddəsində göstərilən sənədləri və məlumatları 2018-ci il mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər.
NMR-in Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, dövlət idarə və təşkilatların, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2019-cu il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri 2018-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etsinlər.
Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2018-ci il iyulun 1-dək aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Azərbaycan Respublikası- nın Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
Qeyd olunur ki, onlar dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları, həmçinin beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
Bildirilir ki, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi, ölkənin növbəti büdcə ili və gələn üç il üçün dövlət büdcəsi layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu maliyyə balansının tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb etsinlər.
Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən nazirliklər, komitələr və digər təşkilatlar, müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004- cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etməlidirlər.