Milli Məclisin iclası keçirilir. Banker.az xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov ötən ilin hesabatını təqdim edir.
Baş nazir bildirib ki, 2020-ci il pandemiyanın fəsadlarına baxmayaraq bir sıra mühüm hadisələrlə yadda qalıb: “Altıncı çağırış Milli Məclisə keçirilmiş seçkilər mühüm hadisələrdən biri olub və çoxpartiyalı parlament formalaşıb. Ötən il hökumətlə parlament arasında münasibətlər daha da dərinləşib. Keçən il strateji layihələrin icrası və digər islahatların həyata keçirilməsi sahəsində məqsədyönlü işlər davam etdirilib. TAP-ın istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya çıxarılıb. Dünya Bankının müvafiq hesabatında 190 ölkə arasında Azərbaycan 28-ci yerdə qərarlaşıb”.
O bildirib ki, ötən il pandemiya ilə mübarizə məqsədilə davamlı tədbirlər həyata keçirilib: “Bunun qarşısını almaq və xəstəliklə mübarizə aparılması üçün dövlət başçısının sərəncamı ilə Operativ Qərargah yaradılıb. Dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə ayrılıb, qısa müddətdə modul tipli xəstəxanalar yaradılıb. İl ərzində xarici ölkələrdən tibbi personal Azərbaycana dəvət edilib. Ötən il səhiyyə xərcləri 644 milyon manat təşkil edib. Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlamış ilk ölkə olub”.
O bildirib ki, 2020-ci il Azərbaycanın şanlı dövlətçilik tarixində Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızın azad edilməsi, suverenliyin bərpası ilə əlamətdar olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, dərin islahatlar nəticəsində yaradılmış potensial şanlı ordumuzun düşmən üzərində qələbəsini şərtləndirib: “Bir daha qələbə münasibətilə Prezidentimizi, xalqımızı və sizləri təbik edirəm”.