Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçiriləcək.
Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na edilən yeni – 1.4-cü bənddə əksini tapıb.
Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunacaq.
“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”-a edilən dəyişikliyə əsasən isə daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən nəzərdə tutulan məlumat və sənəd mübadiləsi qaydasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində əldə ediləcək. Həmin sənəd və məlumatlar müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunacaq.