Baş nazir Əli Əsədov iyulun 1-də İordaniya Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, görüşdə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin Bakıda keçirilən iclasının əhəmiyyəti vurğulanıb, Azərbaycan-İordaniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla qeyd edilib. İki ölkənin beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan ilə İordaniya arasında ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.