Devid Kemeron 3 aydan sonra vəzifəsindən gedəcək.
Böyük Britaniyanın baş naziri Devid Kemeron 3 aydan sonra istefa verəcək. Məlumata görə, bunu baş nazir özü bəyan edib. Onun sözlərinə görə, referendumun nəticələrinin açıqlanmasından sonra ölkəyə yeni liderlər lazım olacaq.
O həmçinin qeyd edib ki, referendumun nəticələri britaniyalıların həyatında kəskin dəyişikliklərə səbəb olmayacaq.
Referendumda iştirak edən seçicilərin əsas hissəsi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. “Brexit”in (Böyük Britaniyanın Aİ-dən çıxma prosesi) tərəfdarlarının sayı 52% təşkil edib.
Kemeron Britaniyanın Aİ-yə üzv qalmasının tərəfdarı idi. O iddia edirdi ki, britaniyalıların ölkənin Aİ-dən çıxmasına səs verməsi Avropadakı sülhü təhdid edə bilər.
“Guardian” elektron nəşrində çap olunan məqaləsində Kemeron Aİ-dən çıxmanın britaniyalıların əmək haqlarında və qiymətlərdə özünü biruzə verəcəyi haqda xəbərdarlıq edib.
O həmçinin qeyd edirdi ki, Aİ-dən miqrantlara verilən müavinətlərin azaldılmasına dair hüquqa nail olub və bununla da əsas problem həll olunub.
ANSPRESS