7 C
Baku
Wednesday, March 11, 2026

Baş nazirdən cərimələrlə bağlı yeni qərar

İnzibati cərimələrin qaytarılması qaydası təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərar artıq ödənilmiş, düzgün tətbiq edilməmiş və ya səhv ödənilmiş inzibati cərimələrin (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) qaytarılması qaydasını müəyyən edir.

Qərara əsasən, ödənilmiş inzibati cərimə aşağıdakı hallarda dövlət büdcəsindən və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tamamilə qaytarılır:

-inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlarda (elektron qərarlarda), o cümlədən elektron protokollarda nəzərdə tutulmuş miqdardan artıq inzibati cərimə ödənildikdə;

-inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar (elektron qərarlar) şikayət və ya protest əsasında ləğv edildikdə və ya dəyişdirildikdə (inzibati cərimə əvvəlcədən ödənildiyi halda);

-təyinatı inzibati cərimə olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmək səlahiyyəti olan orqanların hesablarına inzibati cərimə kimi daxil olduqda;

-inzibati cərimə barəsində inzibati icraat aparılmayan şəxsin adından ödənildikdə.

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar (elektron qərarlar) şikayət və ya protest əsasında dəyişdirilərək aşağı məbləğdə inzibati cərimənin tətbiq edilməsinə münasibətdə inzibati cərimənin artıq ödənilmiş hissəsi geri qaytarılır.

Artıq ödəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və ya inzibati cərimə ödəyən digər şəxsin yazılı və ya elektron müraciətinə əsasən 20 (iyirmi) gün müddətində qaytarılır.

İnzibati cərimənin qaytarılması ilə bağlı məhkəmə qərarı qanunvericiliyə uyğun icra edilir.

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya inzibati cərimə ödəyən digər şəxs artıq ödəmənin qaytarılmasını inzibati cərimənin ödənildiyi tarixdən 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.

Artıq ödəmənin qaytarılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında protokol (elektron protokol) və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə qərar (elektron qərar) qəbul etmiş orqana (vəzifəli şəxsə), inzibati cərimə ödəyən digər şəxs isə vəsaitin dövlət büdcəsinə daxil olduğu hallarda müvafiq maliyyə orqanına, vəsaitin inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanın hesabına daxil olduğu hallarda isə həmin orqana bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməlidir.

Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

-barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya inzibati cərimə ödəyən digər şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, əcnəbilərə münasibətdə doğum tarixi və vətəndaşlığı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları);

-ərizə təqdim edilən orqanın (vəzifəli şəxsin) tam adı;

-inzibati xəta haqqında protokolun (elektron protokolun) tarixi və nömrəsi (olduğu halda);

-inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın (elektron qərarın) tarixi və nömrəsi (olduğu halda);

-inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Məcəllənin müvafiq maddəsi (olduğu halda);

-artıq ödəmənin məbləği;

-artıq ödəmənin yaranma tarixi və səbəbləri;

-artıq ödəmənin qaytarılmalı olduğu şəxsin bank rekvizitləri.

Ərizə təqdim edilən orqan (vəzifəli şəxs) ərizəyə daxil olduğu gündən 10 (on) gün müddətində baxmalıdır.

Ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən bu Qaydada nəzərdə tutulmuş halların olub-olmaması araşdırılmalı və olduğu təqdirdə artıq ödəmənin qaytarılması barədə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilmiş formada rəy tərtib edilməlidir. Tərtib edilmiş rəy bu Qaydada nəzərdə tutulmuş ərizə ilə birlikdə müvafiq xəzinədarlıq orqanına təqdim edilməlidir.

Araşdırma zamanı artıq ödəmənin qaytarılmalı olduğu halların mövcud olmadığı aşkar edildikdə, bu barədə ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən müvafiq qərar qəbul edilməli və müraciət edən şəxsə 5 (beş) gün müddətində əsaslandırılmış yazılı məlumat təqdim edilməlidir.

Bu Qaydanın 4.5-ci bəndinə əsasən ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.

Xəzinədarlıq orqanları bu Qaydanın 4.4-cü bəndinə əsasən təqdim edilmiş sənədləri qəbul edirlər və 10 (on) gün müddətində baxırlar.

Xəzinədarlıq orqanları təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar etdikdə, sənədləri 5 (beş) gün müddətində rəy tərtib edən orqana qaytarırlar. Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edilmədikdə, artıq ödəmənin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər.

Sənədlər qaytarıldıqda rəy tərtib edən orqan bu Qaydaya uyğun olaraq müraciət edən şəxsə məlumat verməlidir.

Xəzinədarlıq orqanları tərəfindən rəy tərtib edən orqana artıq ödəmənin qaytarıldığı barədə 5 (beş) gün müddətində məlumat verilir.

Artıq ödəmənin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına daxil olmasından asılı olaraq dövlət büdcəsinin və ya müvafiq hesabın mədaxili artıq ödəmənin faktiki qaytarılmış məbləği qədər azaldılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər