Baş nazirin müavini və nazir kənd təsərufatının inkişafından danışdı

“Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşır”.

Bunu Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının (DİMƏŞ) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə keçirilən milli seminarda baş nazirin müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatının inkişaf etdirilməsi dayanıqlı inkişafa təsirini göstərən əsas amillərdən biridir: “Azərbaycan höküməti kənd təsərrüfatının inkişafına ciddi önəm verir. Ölkə əhalisinin 47%-i kənddə yaşayır. Azərbaycan iqtisadiyyatında milli məhsulun formalaşmasında kənd təsərrüfatı xüsusi yer tutur. Dayanıqlı İnkişaf Məqsədlərində qarşıya qoyulan bir sıra hədəflər var. Kənd təsərrüfatının inkişaf etdirilməsi əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm vəzifələrdən biridir. Bunun üçün Azərbaycan hökuməti bütün qlobal layihələrdə yaxından iştirak edir”, – deyə o, qeyd edib.

Ölkədə aqrar sahə yeni mərhələyə qədəm qoyub

Bunu isə milli seminarında çıxışı zamanı Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub: “Kənd Təsərrüfatı Nazirliyi bu məqsədlərə nail olunması istiqamətində çalışır. Azərbaycanın ən böyük uğuru yoxsulluq səviyyəsinin azaldılmasıdır “.

İ.Kərimov əlavə edib ki, Azərbaycanda bu il toxumçuluq və heyvandarlıq sahəsində bir sıra layihələrin icrasını planlaşdırılır:”Aqrar sahədə məşğulluğun artırılması istiqamətində layihə həyata keçirməyi planlaşdırırıq. Qadınların məşğulluğun artırılması istiqamətində xüsusi bir proqram nəzərdə tutulur”.

– Report