16 C
Baku
Cümə, May 20, 2022

Baş Prokurorluğun idarə rəisi bəraət hökmlərinin az olması ilə bağlı fikirlərə münasibət bildirib

“Bəraət hökmlərinin sayının az olması fikrinin nəticə kimi səsləndirilməsini öz-özlüyündə düzgün yanaşma hesab etmirəm. Bəraət hökmünün qəbul edilməsi üçün əsaslar olmalıdır və bu hər bir cinayət işinin xüsusiyyətindən, toplanmış sübutlardan, məhkəmələr tərəfindən həmin sübutların qiymətləndirilməsindən və sair hallardan asılıdır. Düzdür, bilirəm ki, bir sıra həmkarlarımız tərəfindən belə fikirlər səsləndirilir və müxtəlif ölkələrin statistik məlumatları ilə müqayisələr aparılır. Hesab edirəm ki, bu sahədə statistik müqayisədən daha çox hüquq sistemləri arasında olan fərqliliyə diqqət yetirilməlidir. Çünki bir sıra ölkələrdə məhkəməyədək icraat ölkəmizin hüquq təcrübəsindən əhəmiyyətli dərəcədə fərqlənir və şəxsə irəli sürülmüş ittiham üzrə araşdırmalar məhkəmə istintaqı zamanı aparılır. Azərbaycanda isə ibtidai istintaq və ilkin araşdırma institutları mövcuddur və bu mərhələlərdə bəraətverici əsaslarla cinayət işinin başlanmasının rədd edilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında statistik olaraq kifayət qədər əhəmiyyətli həcmdə qərarlar qəbul olunur. Məsələn, təkcə 2021-ci il ərzində istintaq qurumları tərəfindən 1883 cinayət işi bəraətverici əsaslarla xitam olunub. Yəni rəqəmlərlə çox sizi yormaq istəmirəm. Bircə faktı qeyd etmək istərdim ki, 2021-ci il ərzində cinayət xarakterli materialların təqribən 73%-i üzrə bəraətverici əsaslarla cinayət işinin başlanması rədd edilib, icraatda olan cinayət işlərinin isə 5,4%-i üzrə bəraətverici əsaslarla xitam qərarları qəbul edilib. Bu qərarlar da mahiyyət etibarı ilə bəraət deməkdir”.

Banker.az xəbər verir ki, bunu Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarə rəisi Orxan İsayev müsahibəsində bildirib.

O.İsayev “Həmin fikirləri səsləndirənlər bəraət hökmlərinin sayının az olmasını bəzi hakimlərin dövlət ittihamçısından ehtiyat etməsi ilə əlaqələndirirlər. Yəni, onların fikrincə, hakim qərar qəbul edərkən prokurorun mövqeyini daha çox nəzərə alırlar. Bəs bu fikirlərə münasibətiniz necədir?” sualına isə belə cavab verib:

Bu fikirlə qətiyyən razı deyiləm. Bu məntiqlə bəraət hökmü ümumiyyətlə olmazdı. Hakimlərin müstəqilliyinə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilir. Dövlət ittihamçısı məhkəmədə dövlət ittihamını müdafiə edir və onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə protest vermək hüququna malikdir. Bu protestlərə isə yuxarı instansiya məhkəmələri tərəfindən baxılır. Statistik göstəricilər də onu deməyə əsas verir ki, təcrübədə kifayət qədər hallarda bəraət hökmlərindən ümumiyyətlə protest verilmir və ya verilmiş protestlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin olunmur. Eyni zamanda, dövlət ittihamçıları tərəfindən bir sıra cinayət işləri üzrə cinayət təqibindən bəraətverici əsaslarla imtina olunması halları da mövcuddur. Təbii ki, məhkəmə icraatı zamanı dövlət ittihamçıları cinayət prosesinin iştirakçısı kimi ittiham tərəfi olaraq bütün prosessual imkanlardan istifadə edərək ittihamı müdafiə edirlər, lakin bu heç də o demək deyil ki, yekunda ittiham hökmünün qəbul edilməsi dövlət ittihamçısı üçün prioritetdir. Dövlət ittihamçısı üçün prioritet cinayət işi üzrə ədalətli, qanuni və əsaslı hökmün qəbul edilməsidir. Bu bəraət hökmü də ola bilər, ittiham hökmü də.

Son xəbərlər
Oxşar xəbərlər