8 C
Baku
Monday, November 18, 2024

Baş Prokurorluq Ermənistanın törətdiyi təxribatla bağlı cinayət işi başladıb

Ermənistanın dövlət sərhədimizdə törətdiyi təxribatla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işləri başlanıb.

Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.

Prokurorluqdan bildirilir ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulmuşdur.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınmışdır.
Bununla belə, dərin təəssüf hissi ilə bildiririk ki, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olmuş və 10 nəfər yaralanmışdır.
Şəhid olmuş hərbi qulluqçular:
1) Əliyev Natiq Yusif oğlu;
2) Niftəliyev Ümüd Oruc oğlu;
3) Cabbarov Orxan Hətəm oğlu;
4) Ağayev Elçin Mərifət oğlu;
5) Xəlilov Murad Qalib oğlu;
6) Əliyev Elçin Ramil oğlu;
7) Əlizadə Elmin Samir oğlu.
Qeyd olunan faktlarla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işləri başlanmışdır.
Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan sənədləşdirilmə aparılır və sübütların toplanılması həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər