Azərbaycan Baş Prokurorluğu “VoMa” terror təşkilatının təsisçisi, Ermənistan vətəndaşı Vladimir Vartanov barəsində cinayət işi açıb.
Bu barədə “Banker.az”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Araşdırmalarla, Vladimir Vartanov və digərlərinin Azərbaycan Respublikasına və vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan Respublikası ərazisində “VoMa” adlı hərbiləşdirilmiş təşkilat təsis edərək internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də “Asala”, “PKK” və digər terror təşkilatlarının üzvlərini “VoMa”nın üzvlüyünə cəlb edib hərbi təlimlərdə iştiraklarını təşkil edərək “Dağ-atıcı ehtiyat batalyonu”nun (“VoMA batalyonu”) tərkibində cinayətkar birlik halında birləşmələri müəyyən edilib”, – məlumatda deyilir.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.