Son zamanlar sosial şəbəkələrdə, xüsusən də “instagram” sosial şəbəkəsində “Giveaway” adl müsabiqədən əksər şirkətlər reklam məqsədi ilə istifadə edir. “Giveaway” sadəcə “influencer”lərin yox, bir çox məşhur simaların da üz tutduğu marketinq kampaniyasıdır. Bu vasitə ilə sosial şəbəkə ulduzları izləyicilərinə pul, qiymətli hədiyyələr, smartfon telefonlar, hətta bahalı maşınlar belə vəd edirlər. Müsabiqədə sosial şəbəkə istifadəçilərinə mükafat vəd edilir. Paylaşılan müsabiqə postuna çoxlu rəy yazılr və sonda istifadəçilər arasından qalib seçilir. Adətən bu tip müsabiqələr ədalətli hesab olunan random proqramlar, veb saytlar vasitəsi ilə edilir. Lakin qeyd etmək lazımdır ki, bəzi random proqramlara və seçim edən saytlara müdaxilə etməklə nəticəni saxtalaşdırmaq, qalibi əvvəlcədən müəyyən etmək mümkündür. Buna görə də, istifadəçilər diqqətli olmalıdırlar.
Banker.az xəbər verir ki bu barədə Baş Prokurorluğun sosial şəbəkələrdə keçirilən “Giveaway” müsabiqəsindən dələduzluq vasitəsi kimi istifadə edilməsi ilə bağlı vətəndaşlara müraciətində deyilir.
Müraciətdə qeyd olunur ki, bəzi hallarda “sosial şəbəkə dələduzları” bu kimi müsabiqədə iştirak edən şəxslərə saxta hesablarla mesaj göndərərək guya iştirak etdikləri “Giveaway” müsabiqəsində qalib gəldiklərini və hədiyyənin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsini tələb edir. İstifadəçilər isə qalib olmanın sevinci və həyəcan ilə dərhal həmin hesablara pul köçürürlər. Beləliklə insanlar dələduzluq cinayətinin qurbanına çevrilirlər. Vətəndaşlardan bu kimi mesajlara dərhal inanmamaları, müsabiqənin təşkilatçıları ilə əlaqə yaradılaraq dəqiqləşdirmə aparılması xahiş olunur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.