İbtidai araşdırma məlumatları cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.
Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun vətəndaşlara müraciətində deyilir.
İbtidai araşdırma zamanı müstəntiq və ya təhqiqatçı şahidə, zərərçəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə, onların nümayəndələrinə, mütəxəssislərə, ekspertlərə, tərcüməçilərə, hal şahidlərinə, müdafiəçilərə və digər şəxslərə onların razılığı olmadan ibtidai araşdırma məlumatlarının yayılmasının, o cümlədən cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada əldə edilmiş prosessual sənədlərin surətlərinin prosessual məqsədlərdən kənar yayılmasının yolverilməzliyi barədə yazılı xəbərdarlıq edir.
Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı ilə yol verilir.
Müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması inzibati xəta hesab edilir, fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilirlər, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə cərimə edilirlər.
Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın aparılmasına mane olduqda, yaxud maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda cinayət hesab edilir və 1 000 manatdan 2 000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların mediada dərc edilməsi (yayımlanması) inzibati xəta hesab edilir, vəzifəli şəxslər min manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə edilir.