Hazırda qlobal aləmdə və bir çox ayrı-ayrı ölkələrdə baş verən hadisələr haqqında öncədən fikir səsləndirildikdə ya qeyri-ciddi, ya da fantastika kimi qarşılanırdı. Bir neçəsinə nəzər salıb təhlil etdikdə gedişat haqqında müəyyən təsəvvür formalaşır:
– Silah deyəndə ağıla gələn 3 ölkədən biri olmuş Rusiyanın İrandan silah almağa ehtiyacı yarandı;
– xüsusilə son 20 ildir ki, “Rusiyanın ucuz və bol qazından imtina edib niyə Qətər və ya digər ölkələrin qazlarını nisbətən baha almalıyıq” deyərək bir çox layihələrə ağız büzən və laqeyd münasibəti ilə həmin layihələri pozan Avropa dəfələrlə baha qiymətə ABŞ-dan maye qaz idxal etməyə məcbur olur. Ucuz və bol Rusiya qazı necə oldu?
– indiyə qədər siyasətin iqtisadiyyata xidmət etdiyi bir çox ölkələrdə (istisnalar təbii ki, qalmaqdadır) iqtisadiyyat siyasətə xidmət etməkdədir;
– dünya Ukraynaya milyardlarla dollar yardım edir. Daha doğru ifadə zənnimcə belədir: Dünya Rusiya-Ukrayna müharibəsindən qazandığı trilyonların bir neçə faizini Ukraynaya yardım adı altında komisyon kimi geri ödəyir. Bu səbəbdən Ukraynaya lazım olan bütün “dəstək” davam edəcək. Rusiya bunu anlamağa başladığı üçün əvvəlcə nüvə silahı dedi, sonra danışıqlar dedi. Rusiya üçün tam bir fiasko olduğunu bilə-bilə Qərb isə Krım da daxil olmaqla tam çəkilmə tələb edir. Yəni, davam;
– Rusiya neftinə maksimum satış həddi qiyməti 60 dollar təyin edildi. Əslində bunun ciddi hər hansı təsiri yoxdur. Çünki, Rusiya müharibə başlayandan indiyə qədər Asiya ölkələrinə öz neftini diskontla (60-70) dollara satıb. Hərdən etiraf edib, hərdən təkzib etsə də;
– qlobalizasiya əks proses olan de-qlobalizasiya ilə əvəzlənməyə başladı;
– pandemiyadan sonrakı dövrün ən böyük töhfələrindən biri isə bir çox ölkələrin maskalar altında apardıqları siyasətləri üzə çıxartması oldu. Maskalar yırtıldı, dost və düşmən (siyasətlər) sifətlər daha da aşkara çıxdı;
Hadisələri qabaqlamaq çətindir. Sürətli və gözlənilməz manevrlər çoxdur. Amma 2023-2025-ci illərdə baş verəcəklər yuxarıda qeyd etdiyim hadisələrdən daha çox sürprizlər təqdim edəcək.
2023-cü il qardaş Türkiyədə Prezident seçkiləri təkcə qardaş ölkə və türk dünyası üçün deyil, bütün Yaxın Şərq və Avropa üçün ən önəmli və izlənən hadisələrdən biri olacaq.
Fraqmental olaraq bir çox hadisələrin baş vermə ehtimalı yüksəkdir. Amma fundamental olaraq, ölkələrin iqtisadi və texnoloji inkişafları arasındakı fərq 2030-cu ilə qədər daha da dərinləşəcək. Ölkələr arasında həm miqrasiya, həm də beyin axınları artacaq. Vurğulayaraq qeyd etmək istərdim ki, miqrasiya və beyin axını fərqli məsələlərdir və eyniləşdirilmələri böyük yanlışlıqdır.
Pandemiya və ardınca Rusiya-Ukrayna müharibəsi bəzi problemlərin həllinə, risklərin yumşalmasına kömək etdi. Amma köklü təsiri haqqında danışmaq çətindir.
Nələrə nail olundu, nələr baş verir?
– Qlobal iqtisadiyyatda qızmanın qarşısı qismən alındı. Lakin, ayrı-ayrı iqtisadi güc mərkəzlərində son 20-30 ilin yığılmış problemlərinin həlli mümkün olmadı, bəziləri dərinləşdi;
– qlobal borc bazarında korporativ borcların bir hissəsi dövlət borcları ilə əvəz edildi;
– bir neçə qlobal meqa layihə vardır ki, bunların həlli istiqamətində addımlar atılmağa başladı;
– indiyə qədər bir neçə layihədə öz fəaliyyət və fəaliyyətsizlikləri ilə mənfi rol oynayan dövlətlərə ciddi mesajlar verildi, həmin dövlətlər bu gün özlərində baş verən hadisələrlə son 20 ildə apardıqları pozuculuq fəaliyyətlərinin və ya öz yaxın və orta müddətli cılız iqtisadi mənafelərini önə çəkərək fəaliyyətsizliklərinin (Avropa) bədəlini ödəyirlər;
– dünya son 100 il ərzində bu günə qədər birqütblü deyil, ikiqütblü olmuşdur. Daha dərindən görə bilməyənlər üçün dünyanın 2 qütbündən biri ABŞ, digəri SSRİ olmuşdur ki, tamamilə yanlış fikirdir. İndi də bunu ABŞ və Çin kimi qəbul edənlər vardır ki, bunlar da aysberqin görünən tərəfləridir;
– dünya bazarlarında inflyasiya və rifahın aşağı düşməsi böyük korporasiyalar üçün bazar itkisi deməkdir. – qloballaşma da özünü doğrultmadı. Ölkələr arasında iqtisadi inkişaf səviyyəsinin bir-birlərinə yaxın olması nəzərdə tutulurdu, əksinə oldu. Həm ölkələr arasında iqtisadi rifah kəskin fərqləndi, həm də ölkələrin daxilində gəlir bərabərsizliyi təhlükəli həddə çatdı. Hazırda qlobal iqtisadiyyatda baş verənlər ayrı-ayrı böyük dövlətlərin iqtisadiyyatlarına təzyiq göstərərək onları aşağı çəkməkdədir. Qlobal iqtisadi dövriyyəni və inkişafı saxlamaq üçün dünya iqtisadiyyatının bundan sonra 1-2 deyil, bir neçə iqtisadi birliklər vasitəsilə tənzimlənməsi və inkişafı nəzərdə tutulur. Önəmli olan məsələ, həmin birliklərin iqtisadi birlik yaradaraq sinerji qura bilmələri və həqiqi iqtisadi güc mərkəzlərindən birinə çevrilə bilmələridir;
– maliyyə sektoru müvəqqəti olaraq ən yaxşı vəziyyətdə görünür. Real inflyasiya dərəcələrindən daha aşağı faizlə depozitlər toplamaq gəlirli görünə bilər. Lakin, mənfi real faiz dərəcələri ilə (kredit faizləri – faktiki inflyasiya) verilən kreditlərin mənfi nəticələri 2024-2026-cı illərdə daha aydın görünəcək;
Ən önəmli məsələ isə hər bir ölkənin gedişatdan nəticə çıxararaq yeni düzəndə özünə layiqli yer tuta bilməsi üçün düzgün siyasət yürüdə bilməsidir. Hər dəfə yeni düzən formalaşanda parlayan ölkələr olur. Bu dəfə də parlayan ölkələr çərgəsində olmaq hər bir ölkənin əsas hədəfidir.
Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert