Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Əmək Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.
Maddə 162. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi
- Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.
Misal -1
«A» MMC-də işləyən Rasim adlı mühasibin vəzifə maaşı 500 manatdır. Həmin MMC-də baş mühasib işləyən Afiqin vəzifə maaşı 800 manatdır. Afiq iyun ayından işə çıxmır. Onu müvəqqəti olaraq Rasim əvəz edir. Rasimlə, Afiqin vəzifə maaşları arasında fərq 800 – 500 = 300 manatdır. Bu halda iyun ayından Rasim 800 manat maaş alacaq.
Maddə 162. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi
- Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Misal -2
«A» MMC-də işləyən Rasim adlı mühasibin vəzifə maaşı 500 manatdır. Həmin MMC-də mühasib işləyən Həsənin vəzifə maaşı 500 manatdır. Həsən may ayından işə çıxmır. Onu müvəqqəti olaraq Rasim əvəz edir. Rasimlə, Həsənin vəzifə maaşları arasında fərq 500 – 500 = 0 manatdır. Bu halda Rasim «A» MMC-nin rəhbərliyin razılaşmaqla ona əlavə ödəniş ediləcək. Adətən bu vəzifə maaşının 50 faizi olur. Əgər Həsənin maaşı 400 manatdırsa yenə eyni qayda tətbiq olunur.
Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
Misal – 3
- «A» MMC-nin mühəndisi Arifə, öz işini görməklə bərabər boş vəzifə olan baş mühəndis işinin aparılması rəhbər tərəfindən təklif olunur.
- Arifin vəzifə maaşı 600 manat, boş vəzifə olan baş mühəndisin vəzifə maaşı 900 manatdır.
- Arif öz vəzifəsi ilə bərabər vəzifəni icra etdiyinə görə ona 600 + (900*50%) = 1050 manat vəsait ödəniləcək.
DİQQƏT
Əlavə ödənilən vəsaitin minimal məbləği 50 faizdir. Faiz nisbəti artıq da ola bilər. Misal 60, 70, 80 və sair faizlər. Bu razılaşmadan aslıdır.
3 (üç) ay
Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
Misal – 4
«B» MMC-nin boş olan baş mühəndis vəzifəsini 01.02.2020-ci il tarixindən mühəndis Samir yerinə yetirir. 01.05.2020-ci il tarixdə həvalə edilmiş əmək funksiyasının müddəti bitir. Samirin razılığı ilə 01.05.2020-ci il tarixdən:
- Baş mühəndis vəzifəsinə keçirilməlidir.
Digər hal:
- 01.05.2020-ci il tarixdən mühəndis vəzifəsi ilə baş mühəndis vəzifəsi birləşdirilir və Samir yeni əmək müqaviləsi bağlanılır.
Digər hal:
- 01.05.2020-ci il tarixdən Baş mühəndis yerinə yeni işçi götürülür.
Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.
Misal – 5
Misal – 4 nəzər yetirsək görərik ki, mühəndislə baş mühəndisin vəzifəsinin xarakteri eynidir. Belə halda mühəndis öz vəsifəsində qalmaqla yanaşı baş mühəndis vəzifəsini də icra edə bilər. Bu halda müddət qeyd edilmədən baş mühəndisin vəzifə maaşının azı yarısı qədər əlavə əmək haqqı verilməliklə bu işi də icra edə bilər. Əgər eyni xarakter deyilsə (misal mühasib vəzifəsini icra edirsə) o halda misal – 4-də ki, addımlardan biri atılır.
İqtisadçı-ekspert Rauf Qarayev.