6 C
Baku
Saturday, December 14, 2024

Başqaları kimi olmaq istəyi

Dostluğumda xeyli insan var ki, fərdi inkişaf mövzusu ilə çox maraqların. Onların əksəriyyəti təbii ki, inkişaf etmək istədikləri üçün bu mövzu ilə maraqlanırlar. Bəziləri isə bu sahədə xidmətlər təklif edirlər və bu işə kifayət qədər peşəkar yanaşmağa çalışırlar. Mənim də bu mövzularla yaxından maraqlandığım vaxtlar olub. Sadə üsullar ilə uğura yol tapmağı kim istəməz ki?
“Uğur qazandıran vərdişlər,” “pozitiv düşüncənin faydası,” “təsiretmə və inandırma bacarığı,” “vaxtın səmərəli idarə edilməsi,” nə bilim, “liderlə menecerin fərqi” və s. tipli mövzularların adı gələn kimi, əksəriyyət düşünür ki, bu bacarıqlar onların inkişafı, uğur qazanması, daxili rahatlıq və ən əsası xoşbəxtlikləri üçün həyati əhəmiyyət kəsb edir.
Amma, burada bir problem var.

“İnkişaf,” “uğur,” “rahatlıq,” “xoşbəxtlik” məvhumlarını biz doğru anlayırqmı? Ümumiyyətlə, bu məvhumlar haqqında vahid, universal anlayış varmı? Yuxarıdakı bacarıqları asan yolla öyrənməyin mümkünlüyünə sadəlövhcəsinə inanmağımız bir qırarğa, “uğur” və “xoşbəxtlik” kimi məvhumları da cəmiyyətdə qəbul edilmiş stereotiplər, standartlarla dərk edirik. Biz özümüz yox, başqaları kimi olmaq istəyirik.
İnsanın öz xoşbəxtliyini başqalarının qəbul etdiyi standartlarla ölçməsinin yanlış olduğunu əksəriyyət qəbul edir. Amma, bunu qəbul etdiyimizə baxmayraq, real həyatda hər bir addımımızı, qərarlarımızı bu standartlara uyğun olub-olması əsasında qəbul edirik.

Biz müxtəlif olmaqdan, diqərlərindən fərqlənməkdən qorxuruq. Və söhbət burada, geyimdən, saç düzümündən, dinlədiyimiz musiqidən, baxdığımız filmlərdən getmir. Müxtəliflik digərləri kimi düşünməməkdən qorxamamaq, digərləri kimi yaşamaqdan çəkinməmək, ən əsası isə uğur və xoşbəxtliyin nə məna verdiyini digərlərini qəbul etdiyini standartlarla yox, öz hisslərin, maraqların, zövqün, təcrübən əsasında müəyyən edə bilməkdir.

Arada-sırada eşitdiyimiz bəzi ifadə var: “Hər bir insan unikaldır.” “Hər bir insanın gizli istedadı var.” Bunu səsləndirmək kifayət deyil. Bunu həyat fəlsəfəsi kimi qəbul etmək gərəkdir. Biz hər birimiz unikal doğulmuşuq, hər birimizin istedadı olub. Vaxt keçdikcə, unikallığımız boğulub, istedadlarımız kəşf edilmədən məhv edilib. Nəticədə inanmağa başlamışıq ki, bizim digələrindən heç bir fərqimiz yoxdur… Hər birimiz fərqliyik, və fərqli olmaqdan utanmamalıyıq.

İdealist və romantik səslənsə də, insanların öz istedadlarını kəşf edə bilməsi çox vacibdir. Bu çox rasional və əhəmiyyətli bir məsələdir. İnsanlara öz istedadlarını kəşf etməyə kömək edən cəmiyyət daha səmərəli, sosial və iqtisadi güzaranları daha yaxşı olur.

İndiki dövlərə qədər cəmiyyət strukturu bu istedadları kəşf etməyə mane olurdu. Valideynlərin başı açılmır, müəllimlər hər bir uşağa eyni yanaşırdı. Amma, müasir dövrdə bunu etmək xeyli daha asandır. Həm təhsil və əqli inkişaf sahəsində olan araşdırmalar, həm də sürətlə dəyişən və yeni yaranan peşələr, insan inkişafını qəlibləşdirmə prinsipi ilə yox, müxtəliflik prinsipi üzərində qurulmasına kömək edə bilər. Sadəcə biz özümüz bunu öz həyatımıza tədbiq etməyə başlamalıyıq.

Müəllif: Vugar Salamli, Harvard University

Son xəbərlər
Digər xəbərlər